Bugun.tv xəbər verir ki, Fransada davam edən isti hava dalğası fonunda Parisdən təxminən 70 kilometr məsafədə yerləşən tarixi Fontenblo meşəsində genişmiqyaslı yanğın başlayıb. Alovun sürətlə yayılması səbəbindən ətraf yaşayış məntəqələrinin bir hissəsində təxliyə işlərinə başlanılıb.
Fransanın regional yanğınsöndürmə xidməti bildirib ki, yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, helikopterlər və ölkənin cənub bölgələrindən cəlb olunmuş xüsusi suatan təyyarələr qoşulub. Güclü külək və yüksək temperatur alovun yayılmasını sürətləndirdiyi üçün əməliyyat çətin şəraitdə davam edir.
Yanğın nəqliyyata da təsir göstərib. Parisi ölkənin cənub-şərqi ilə birləşdirən A6 avtomobil magistralının bir hissəsi bağlanıb, Lion vağzalından hərəkət edən bəzi qatarların qrafikində gecikmələr qeydə alınıb.
Hazırda Fransa bu yay mövsümünün üçüncü güclü isti hava dalğasını yaşayır. Ölkənin mərkəzi və qərb bölgələrində havanın temperaturu 40 dərəcəni keçib, Parisdə isə 37 dərəcəyə yaxın olub. Rəsmilər yüksək temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirərək sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.
Mənbə: ApNews

