Bugun.tv xəbər verir ki, Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan ilk elektrik nəqliyyat vasitəsi (ENV) ictimaiyyətə təqdim edilib.
Məlumata görə, təqdimat iyunun 25-də “Əlil Qadınlar” İctimai Birliyinin ofisində keçirilib. Tədbirdə yeni nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri, istifadə imkanları və üstünlükləri barədə həm nəzəri, həm də praktiki təqdimat təşkil olunub. Layihə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Bildirilib ki, ENV əlilliyi olan şəxslərin təhlükəsiz, rahat və müstəqil hərəkətini təmin etmək məqsədilə hazırlanıb. Elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsi ekoloji cəhətdən təmiz olmaqla yanaşı, şəhər mühitində istifadəyə uyğunlaşdırılıb. Layihənin müəllifləri bunu Azərbaycanda inklüziv şəhər nəqliyyatı istiqamətində mühüm yenilik kimi qiymətləndirirlər.
Yeni model yerli istehsal və milli mühəndislik həlli əsasında hazırlanıb. Onun əsas üstünlükləri sırasında enerji səmərəliliyi, əlilliyi olan şəxslər üçün uyğun dizayn, təhlükəsiz idarəetmə və müasir texnologiyaların tətbiqi yer alır.
Layihə müəllifləri gələcəkdə elektrik nəqliyyat vasitəsinin daha da təkmilləşdirilməsi, kütləvi istehsala buraxılması və beynəlxalq bazara çıxarılmasının planlaşdırıldığını bildiriblər. Qeyd olunub ki, bu təşəbbüs həm yerli texnologiyaların inkişafına, həm də inklüziv cəmiyyətin formalaşmasına töhfə verə bilər.
Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.


