ABŞ və Danimarka alimləri istilik kameralarından gizlənməyə imkan verən yeni texnologiya hazırlayıblar.
Bugun.tv xəbər verir ki, İllinoys Universiteti və Danimarka Texniki Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış üçölçülü xüsusi örtük obyektlərin istilik izini demək olar ki, görünməz edir. Araşdırmanın nəticələri nüfuzlu Nature Communications jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, adi istilik izolyasiyası yalnız istiliyi saxlayır və termal kameralarda obyektin yerini müəyyən etməyə imkan verir. Yeni hazırlanmış örtük isə istilik axınını obyektin ətrafından keçirərək onun istilik izini gizlədir. Nəticədə termal kameralar ətraf mühitdə temperatur paylanmasını normal qəbul edir və gizlədilən obyekti aşkar etməkdə çətinlik çəkir.
Texnologiyanın əsasını istiliyi fərqli səviyyələrdə keçirən metal və xüsusi polimer materiallardan hazırlanmış üçölçülü qəfəs təşkil edir. Alimlər bu materialların yerləşməsini dəyişməklə istilik axınının istiqamətini idarə edə biliblər. Sınaqlar zamanı mürəkkəb formalı obyektlər, o cümlədən insan sifətinə bənzər modellər uğurla gizlədilib.
Tədqiqatçılar hesab edirlər ki, yeni texnologiya gələcəkdə elektron avadanlıqların temperaturdan qorunması, mikroçiplərin soyudulması və hərbi texnikanın termal müşahidədən gizlədilməsi üçün istifadə oluna bilər. Bununla belə, alimlər bildirirlər ki, hazırkı sistem yalnız xaricdən gələn istiliyi yönləndirə bilir və özü istilik yayan obyektləri tam şəkildə görünməz etməyə hələ imkan vermir.
Mənbə: mail.ru

