Dünyanın bir çox bölgəsində təmiz suya çıxışın getdikcə çətinləşdiyi bir vaxtda italiyalı memar Arturo Vittorinin hazırladığı “Warka Water” layihəsi diqqət mərkəzinə düşüb. Təxminən 10 metr hündürlüyündə olan bambuk qüllələr havadakı nəmi toplayaraq içməli su əldə etməyə imkan verir.
Layihənin əsas üstünlüyü onun elektrik enerjisinə və mürəkkəb infrastruktura ehtiyac duymamasıdır. Qüllənin daxilində yerləşdirilən xüsusi tor quruluşu havadakı dumanı, şehi və rütubəti kondensasiya edərək su damcılarına çevirir. Toplanan su isə qüllənin aşağı hissəsindəki xüsusi çəndə yığılır.
Tamamilə təbii kondensasiya prinsipi ilə işləyən sistem hava şəraitindən və rütubət səviyyəsindən asılı olaraq sutka ərzində 100 litrə qədər təmiz su istehsal edə bilir.

Arturo Vittori bu layihəni Efiopiyada su çatışmazlığını müşahidə etdikdən sonra hazırlayıb. O, qadın və uşaqların təmiz su əldə etmək üçün kilometrlərlə yol qət etməsindən təsirlənərək bu ideyanı həyata keçirdiyini bildirib.
İlk dəfə Efiopiyada tətbiq olunan bambuk qüllələr sonradan Haiti, Kamerun, Hindistan, Braziliya və Kolumbiya kimi su qıtlığı yaşayan ölkələrdə də quraşdırılıb. Mütəxəssislər hesab edirlər ki, bu ekoloji və aşağı maliyyətli texnologiya gələcəkdə quraq ərazilərdə milyonlarla insanın içməli suya çıxışına dəstək verə bilər.
Mənbə: Ensonhaber

