Harvard Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Yer kürəsindən təxminən 50 işıq ili uzaqlıqda yerləşən LHS 1140 b adlı planetin helium üstünlük təşkil edən atmosferə malik olduğunu müəyyən edib. Kəşf yaşayış üçün əlverişli zonada yerləşən qayalı planetlər barədə aparılan araşdırmalarda mühüm mərhələ hesab olunur.

Alimlər bildirirlər ki, indiyədək Günəş sistemindən kənardakı atmosfer araşdırmaları əsasən Yupiterə bənzər iri qaz nəhəngləri üzərində aparılırdı. Bu dəfə isə ilk dəfə başqa bir ulduzun yaşayış zonasındakı Yer tipli qayalı planetdə atmosferin mövcudluğu təsdiqlənib.
LHS 1140 b Yer kürəsindən təxminən beş dəfə ağır, radiusuna görə isə 1,7 dəfə böyükdür. Planet Günəşdən beş dəfə kiçik olan soyuq qırmızı cırtdan ulduzun ətrafında dövr edir və maye suyun mövcud ola biləcəyi yaşayış zonasında yerləşir.

Tədqiqatçılar kompüter modellərinin köməyi ilə müəyyən ediblər ki, planet zamanla hidrogeninin böyük hissəsini itirsə də, heliumunu qoruyub saxlayıb və nəticədə helium əsaslı atmosfer formalaşdırıb. Mütəxəssislər hesab edirlər ki, planetdə nazik atmosfer və potensial su ehtiyatları mövcud ola bilər. Araşdırmanın müəllifləri vurğulayırlar ki, LHS 1140 b güclü rentgen və ultrabənövşəyi şüalanmaya məruz qalsa da, atmosferini təxminən 3 milyard il ərzində qoruyub saxlaya bilib. Maraqlıdır ki, bu mühüm kəşf James Webb Kosmik Teleskopu deyil, yerüstü teleskop vasitəsilə həyata keçirilib.

Mənbə: ScienceAlert

