Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Azərbaycan–Fələstin münasibətlərinə dair paylaşım edərək iki ölkə arasında əməkdaşlığın siyasi həmrəylikdən strateji tərəfdaşlıq mərhələsinə keçdiyini bildirib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Fələstin arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Onun sözlərinə görə, bu əlaqələrin əsas xüsusiyyətlərindən biri siyasi dialoqla yanaşı, humanitar həmrəyliyin və qarşılıqlı etimadın davamlı şəkildə qorunmasıdır.
Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti və xalqı hər zaman Fələstin xalqının yanında olub, ona dost və qardaş dəstəyi göstərib. Deputatın sözlərinə görə, rəsmi Bakı Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe nümayiş etdirərək BMT-nin qəbul etdiyi qərarlara uyğun “iki dövlət” prinsipini dəstəkləyir. Bu yanaşma Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa və ədalətli həll mexanizmlərinə verdiyi önəmin göstəricisidir.
Deputat bildirib ki, son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşib. O, Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfərini münasibətlərin inkişafında mühüm hadisələrdən biri kimi qiymətləndirib. Qeyd olunub ki, səfər çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdə siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, humanitar layihələr və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunub.
Ceyhun Məmmədov Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Fələstində məktəb tikintisini həyata keçirməsi və mütəmadi humanitar yardım göstərməsi münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, real layihələr və sosial təşəbbüslərlə də möhkəmləndiyini nümayiş etdirir.
Deputat vurğulayıb ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi kimi İslam həmrəyliyinin möhkəmləndirilməsinə daim xüsusi önəm verir. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan ölkəmiz müsəlman dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı dəstəyin artırılması və ümumi problemlərin birgə həlli istiqamətində ardıcıl fəaliyyət göstərir. Fələstin məsələsində nümayiş etdirilən prinsipial mövqe də bu siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Paylaşımda bildirilib ki, Fələstin xalqı və onun siyasi rəhbərliyi Prezident İlham Əliyevin nümayiş etdirdiyi qardaşlıq mövqeyini və Azərbaycanın humanitar təşəbbüslərini yüksək qiymətləndirir. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaratdığı vurğulanıb.
Deputatın fikrincə, mövcud dinamika Azərbaycan–Fələstin əlaqələrinin gələcəkdə daha da genişlənəcəyini göstərir. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, humanitar layihələrin artırılması və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi münasibətlərin yeni məzmun qazanmasına şərait yaradacaq.

