ABŞ-da fəaliyyət göstərən alimlər dəridə ağ iz qoymayan yeni nəsil mineral günəş kremi hazırlayıblar. Bugun.tv xəbər verir ki, yeni formul mineral günəş kremlərinin əsas üstünlüklərini qoruyaraq onların ən böyük çatışmazlıqlarından biri hesab olunan ağ təbəqə problemini aradan qaldırmağa kömək edir.
Tədqiqat Kaliforniya Universitetinin (UCLA) mütəxəssisləri tərəfindən aparılıb. Alimlər ənənəvi sink oksidi hissəciklərinin formasını dəyişdirərək onları dörd qollu mikroskopik quruluşa salıblar. Bu yeni forma ultrabənövşəyi (UV) şüalara qarşı SPF 30 səviyyəsində etibarlı qoruma təmin etsə də, dəri üzərində əvvəlki mineral kremlərdə olduğu kimi qalın ağ təbəqə yaratmır.
Tədqiqat müəlliflərinin sözlərinə görə, yeni hissəciklər bir-birinə daha az yapışdığı üçün krem dəriyə daha bərabər yayılır və müxtəlif dəri tonlarında daha təbii görünüş yaradır. Bu xüsusiyyət xüsusilə tünd dəri rənginə malik insanlar üçün mineral günəş kremlərindən istifadənin daha rahat olmasına şərait yarada bilər.
Mütəxəssislər bildirirlər ki, hazırlanan texnologiya hələ tədqiqat mərhələsindədir və gələcəkdə kosmetik məhsullarda tətbiqi nəzərdə tutulur. Onların fikrincə, mineral günəş kremlərinin istifadəsini daha cəlbedici etmək insanların günəşdən qoruyucu vasitələrdən daha müntəzəm istifadə etməsinə və uzunmüddətli perspektivdə dəri xərçəngi riskinin azalmasına kömək edə bilər.
Mənbə: Science Daily

