Avropa Komissiyası Google şirkətini Rəqəmsal Bazarlar Aktını (DMA) iki istiqamətdə pozduğuna görə ümumilikdə 890 milyon avro məbləğində cərimələyib.
Komissiyanın açıqlamasına görə, Google axtarış sistemində öz xidmətlərinə üstünlük verərək rəqib platformalara qarşı ayrı-seçkilik edib. Bundan əlavə, Google Play üzərindən tətbiq yayımlayan şirkətlərin istifadəçiləri daha sərfəli alternativ alış kanallarına yönləndirməsinə mane olduğu müəyyən edilib.
Bu səbəbdən şirkətə ilk pozuntuya görə 460 milyon avro, ikinci pozuntuya görə isə 430 milyon avro olmaqla ümumilikdə 890 milyon avro cərimə tətbiq edilib.
Avropa Komissiyası bildirib ki, cərimənin məbləği pozuntuların xarakteri, ağırlığı və davametmə müddəti nəzərə alınaraq müəyyənləşdirilib.
Qərara əsasən, Google 60 gün ərzində qayda pozuntularını aradan qaldırmalıdır. Şirkət axtarış nəticələrində üçüncü tərəf xidmətlərinə öz xidmətləri ilə bərabər və ədalətli yanaşmalı, həmçinin Google Play vasitəsilə tətbiq yayımlayan tərtibatçıların istifadəçilərlə sərbəst əlaqə saxlamasına və alternativ ödəniş imkanları təqdim etməsinə şərait yaratmalıdır.
Əks halda, Google qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik əlavə cərimə ilə üzləşə bilər.
Mənbə: EnSonHaber

