Baş xəbərSiyasət

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Məmmədli Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibəsində səsləndirdiyi fikirlər əsasında Naxçıvanın Azərbaycanın gələcək geosiyasi və geoiqtisadi strategiyasındakı rolunu şərh edib.

Deputat bildirib ki, Naxçıvanın inkişafına artıq yalnız sosial-iqtisadi tərəqqi baxımından deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.

Onun sözlərinə görə, Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, hazırda bu mövqe mühüm strateji üstünlüyə çevrilir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya-Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin əsas qovşaqlarından birinə çevrilmək potensialına malikdir.

Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvanla bağlı mesajlarında Muxtar Respublikanın inkişafı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji yanaşma çərçivəsində təqdim olunur.

Deputatın fikrincə, yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur sahələrində həyata keçirilən layihələr Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşmasına imkan yaradır.

Nəqliyyat əlaqələri xüsusi əhəmiyyət daşıyır

Müşfiq Məmmədli Naxçıvanın gələcək inkişafında nəqliyyat kommunikasiyalarının açılmasını xüsusi strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirib.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması yalnız ölkədaxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin daha da güclənməsinə, Orta Dəhlizin imkanlarının genişlənməsinə və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanların yaranmasına səbəb ola bilər.

Deputat qeyd edib ki, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər.

Onun sözlərinə görə, burada əsas yanaşma yeni əməkdaşlıq modelində region ölkələrinin iqtisadi və nəqliyyat baxımından fayda əldə etməsidir.

Naxçıvan yaşıl enerji mərkəzinə çevrilə bilər

Deputat Naxçıvanın enerji potensialına da diqqət çəkib. O bildirib ki, Muxtar Respublikanın günəş enerjisi imkanları və həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə yaşıl enerji istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır.

Müşfiq Məmmədlinin fikrincə, Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropa istiqamətinə enerji bağlantılarının inkişaf etdirilməsi regionun əhəmiyyətini Azərbaycanın milli sərhədlərindən kənara çıxara bilər.

O əlavə edib ki, sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur sahələrində həyata keçirilən layihələr kompleks xarakter daşıyır.

Deputatın sözlərinə görə, əsas məqsəd yalnız yeni obyektlərin yaradılması deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.

Naxçıvanın gələcək inkişafı Baş Planlar əsasında qurulur

Müşfiq Məmmədli Prezident İlham Əliyevin Naxçıvan şəhərinin və bütövlükdə Muxtar Respublikanın inkişafı ilə bağlı Baş Planlara xüsusi diqqət yetirməsini də mühüm məqam kimi qiymətləndirib.

O bildirib ki, burada söhbət gələcək onillikləri əhatə edən sistemli şəhərsalma və regional inkişaf modelindən gedir. Bu baxımdan layihələr Naxçıvanın gələcək iqtisadi və demoqrafik inkişaf perspektivləri nəzərə alınmaqla həyata keçirilir.

Deputat Naxçıvanın tarixi və mədəni irsinin qorunmasının da inkişaf strategiyasının mühüm hissəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Möminə xatun türbəsi kimi mühüm memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə diqqət və tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim edilməsinə imkan verə bilər.

Naxçıvan Azərbaycanın regional siyasətində mühüm mövqeyə çıxır

Müşfiq Məmmədli hesab edir ki, Prezident İlham Əliyevin Naxçıvan səfəri və səfər zamanı verdiyi mesajlar Muxtar Respublikanın Azərbaycanın yeni regional siyasətindəki rolunu aydın şəkildə göstərir.

Deputatın fikrincə, Naxçıvan artıq yalnız coğrafi baxımdan Azərbaycanın digər ərazilərindən ayrı yerləşən region kimi deyil, Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni və daha geniş mənada Türk dünyasını birləşdirən strateji məkanlardan biri kimi nəzərdən keçirilir.

O bildirib ki, Naxçıvan nəqliyyat və logistika qovşağı, yaşıl enerji mərkəzi, sənaye və ticarət platforması, eyni zamanda mühüm turizm məkanı kimi inkişaf etdirilir.

Müşfiq Məmmədlinin sözlərinə görə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid iqtisadi və kommunikasiya məkanında birləşdirilməsi Azərbaycanın regional gücünü və tranzit imkanlarını daha da artıra bilər.

Deputat qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız görülən işlərin təqdimatı deyil, həm də Muxtar Respublikanın qarşıdakı onilliklərdə Azərbaycanın regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir.

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı

Mənbə: QaynarXett

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu