Bugun.TV xəbər verir ki, Rusiyada son dövrlərdə qeyri-adi hədiyyə forması ortaya çıxıb. İnsanlar bir-birinə qəbiristanlıqda dəfn yeri üçün sertifikatlar hədiyyə etməyə başlayıblar.
“Vozneseniye” dəfn xidmətləri mərkəzinin rəhbəri Yelena Şevçenkonun sözlərinə görə, belə sertifikatların qiyməti bölgədən və seçilən yerin nüfuzundan asılı olaraq 12 min rubldan 10 milyon rubla qədər dəyişə bilər.
Ekspert bildirib ki, Moskvada qəbir yeri üçün qiymətlər 12 min rubldan başlayır və 10 milyon rubldan da çox ola bilər. Sertifikatın alınmasından sonra həmin yer konkret şəxs üçün rəsmiləşdirilir və sahibi vəfat edənədək başqa şəxsin orada dəfn edilməsinə icazə verilmir.
Yelena Şevçenko belə bir hədiyyənin seçilməsi zamanı insanın psixoloji vəziyyətinin nəzərə alınmasının vacib olduğunu vurğulayıb. Onun fikrincə, qəbir yeri sertifikatı yalnız zarafatı yaxşı başa düşən və ya özü artıq dəfn məsələsi barədə düşünən insana hədiyyə edilə bilər.
Ekspert xəbərdarlıq edib ki, belə bir hədiyyənin qarşı tərəfin hissləri və psixoloji vəziyyəti nəzərə alınmadan təqdim edilməsi mənfi reaksiyaya səbəb ola bilər.
Mənbə: Hi-Tech Mail.ru
