Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın silahsızlaşdırılması istiqamətində müsbət irəliləyiş olduğunu bildirərək, İsrailin Qəzza zolağına hücum etməməli olduğunu deyib.
Tramp bu açıqlamaları Fox News müxbiri Trey Yingst ilə müsahibəsi zamanı səsləndirib. ABŞ Prezidenti bildirib ki, Vaşinqton HƏMAS-la müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır və təşkilatın silahlarını təhvil verəcəyinə dair müsbət siqnallar alınıb.
Trampın sözlərinə görə, HƏMAS silahlarını təhvil vermə prosesində irəliləyiş əldə edir, lakin hazırkı vəziyyətdə İsrailin Qəzzaya yeni hücumlar həyata keçirməsi düzgün deyil.
“HƏMAS-ın silahsızlaşdırılması ilə bağlı müsbət irəliləyiş əldə olunub. Onlar silahlarını təhvil verirlər. Lakin İsrail hazırda Qəzzaya hücum etməməlidir”, – Tramp bildirib.
ABŞ Prezidenti İsraildə oktyabr ayında keçirilməsi gözlənilən seçkilər barədə də danışıb. O, seçkilərdən kənarda qalmasının daha məqsədəuyğun olduğunu, lakin namizədlərdən birinə dəstək verə biləcəyini deyib.
Tramp müsahibə zamanı İranla bağlı da bir sıra açıqlamalar verib. O, İran İnqilab Keşikçiləri Korpusu rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu bildirib. ABŞ Prezidenti həmçinin İranla bağlı razılaşmanın müddətinin başa çatması məsələsində tələsmədiyini deyərək, Tehranın “təslim olmalı olduğunu” vurğulayıb.
Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının iqtisadi təzyiq yaratdığını və İranın bu məsələdə blef etdiyini də iddia edib.
Müsahibədə Omanla bağlı suala cavab verən Tramp isə ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə ediləcəyi təqdirdə sərt hərbi cavab verilə biləcəyini söyləyib.
HƏMAS sözçüsü Hazım Qasim Trampın İsrailin Qəzzaya hücum etməməsi ilə bağlı çağırışını müsbət qarşıladıqlarını bildirib. O, ABŞ Prezidentini İsrail hökumətinə təzyiq göstərməyə və Qəzzada atəşkəs razılaşmasının şərtlərinə əməl olunmasını təmin etməyə çağırıb.
Mənbə: En Son Haber
