Dünya

II Dünya müharibəsinin batmış gəmiləri üzə çıxdı

Bugun.tv xəbər verir ki, Avropanın ən böyük çaylarından biri olan Dunayda suyun səviyyəsinin rekord həddə azalması nəticəsində II Dünya müharibəsindən qalan Alman hərbi gəmilərinin qalıqları yenidən üzə çıxıb.

Avropada hökm sürən güclü istilər və uzunmüddətli quraqlıq Dunayın su səviyyəsinin kəskin azalmasına səbəb olub. Serbiya ilə Rumıniya arasındakı Prahovo yaxınlığında çayın ortasında onilliklər ərzində su altında qalan paslı gəmi gövdələri görünməyə başlayıb.

Məlumata görə, bu gəmilər 1944-cü ildə geri çəkilən nasist Almaniyasının Qara dəniz donanmasına aid olub. Alman qüvvələri Sovet qoşunlarının Balkanlarda irəliləməsinin qarşısını almaq məqsədilə çox sayda gəmini qəsdən Dunayda batırmışdı. Tarixçilərin hesablamalarına görə, Prahovo ətrafında 200-ə qədər Alman hərbi gəmisi suya qərq edilib.

Gəmilərin bir hissəsinin hələ də silah-sursat daşıdığı bildirilir. Bu səbəbdən onların yenidən üzə çıxması yalnız tarixi baxımdan deyil, çay nəqliyyatı və təhlükəsizlik baxımından da problem yaradır. Serbiya hökuməti uzun illərdir bu qalıqların çaydan çıxarılması məsələsi ilə məşğuldur, lakin partlamamış sursatlar işi çətinləşdirir.

Dunayın rekord dərəcədə dayazlaşması regionun enerji sisteminə də təsir göstərir. Çaydan soyutma suyu alan Rumıniyanın Çernavoda Atom Elektrik Stansiyasının fəaliyyətinin təhlükə altında qalması nəticəsində ölkə reaktorlarını dayandırmaq məcburiyyətində qalıb.

Quraqlıq nəticəsində Dunayın yatağında yalnız hərbi gəmilər deyil, başqa tarixi və təbii qalıqlar da üzə çıxıb. Avqustun əvvəlində Budapeşt yaxınlığında II Dünya müharibəsi dövrünə aid iki Alman əsgərinin qalıqları, hərbi motosiklet və tank əleyhinə minalar aşkar edilib. Bolqarıstanda isə çayın suyunun azalması nəticəsində mamonta aid olduğu ehtimal edilən qədim sümüklər üzə çıxıb.

Mənbə: SBS News

Aynur Camal

Oxşar xəbərlər

Çin Arktik üzərindən Avropaya ilk müntəzəm yükdaşıma marşrutunu başladıb

Aynur Camal

İndoneziyada güclü zəlzələdən sonra minlərlə insan hələ də yardım gözləyir

Aynur Camal

Bitkidən motosiklet mühərrikləri üçün sürtkü yağı hazırlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu