Bugun.tv xəbər verir ki, Mərkəzi Afrika Respublikasının (MAR) qərbində yerləşən qızıl mədənində baş verən uçqun nəticəsində ən azı 100 nəfər həyatını itirib.
Faciə Kamerun sərhədi yaxınlığındakı Zamboe kəndində, Babua şəhərindən təxminən 50 kilometr məsafədə yerləşən kustar üsulla işlədilən qızıl mədənində baş verib.
“Le Figaro” qəzetinin hadisə şahidlərinə istinadən yaydığı məlumata görə, yeraltı süxurların çökməsi nəticəsində mədəndə çalışan çox sayda insan dağıntılar altında qalıb. Yerli sakinlər ərazidə torpaq qatının böyük hissəsinin tamamilə çökdüyünü bildiriblər.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında daha neçə nəfərin qaldığı və ölənlərin sayının artıb-artmayacağı hələlik məlum deyil.
Bölgədə oxşar faciələr daha əvvəl də baş verib
Məlumata görə, Kamerunla sərhəddə yerləşən Nana-Mambere prefekturasında qızıl mədənlərində bu cür hadisələr əvvəllər də baş verib.
İyunun ortalarında eyni bölgədə yerləşən Be-Mbari qızıl mədənində baş verən uçqun nəticəsində onlarla insan həyatını itirmişdi.
Mütəxəssislərin fikrincə, kustar üsulla fəaliyyət göstərən mədənlərdə təhlükəsizlik qaydalarının kifayət qədər təmin edilməməsi belə faciələrin əsas səbəblərindən biri olaraq qalır.
Mənbə: News Mail.ru
