Bugun.tv xəbər verir ki, Netflix, Disney+ və Amazon Prime Video xidmətlərinin abunə qiymətləri son dörd ildə ən sürətlə Qərbi Avropada bahalaşıb.
The Guardian-ın 24 avqust tarixli məlumatına görə, Ampere Analysis şirkətinin araşdırması Qərbi Avropada bu üç platformanın aylıq abunə qiymətlərinin orta hesabla 1,86 dollar artdığını göstərib. Bu göstərici ABŞ-da qeydə alınan 1,70 dollarlıq artımdan daha yüksəkdir.
Araşdırmaya əsasən, yayım platformaları gəlirləri artırmaq üçün həm qiymətləri yüksəldir, həm də reklamlı daha ucuz paketlər təqdim edirlər. Eyni zamanda reklamsız və daha geniş imkanlar təqdim edən paketlər üçün əlavə ödəniş tələb olunur.
Məsələn, Böyük Britaniyada Netflix-in reklamlı paketinin qiyməti 5,99 funt sterlinqə, reklamsız standart paketinin qiyməti isə 12,99 funt sterlinqə yüksəlib. Netflix-in Böyük Britaniyadakı gəliri də 2025-ci ildə rekord həddə çataraq 2,06 milyard funt sterlinq olub.
The Guardian yazır ki, buna baxmayaraq istehlakçıların daha yüksək qiymətlər ödəmək imkanlarının məhdudlaşması platformaları qiymət artımlarında daha ehtiyatlı olmağa məcbur edir. 2023–2024-cü illərdə illik qiymət artımı 24 faiz olduğu halda, 2025–2026-cı illərdə bu göstərici 14 faizə enib.
Mənbə: The Guardian
