Bugun.tv xəbər verir ki, Fransada güclü fırtına riski ilə əlaqədar 12 vilayətdə narıncı xəbərdarlıq elan ediləcək.
Fransanın meteorologiya xidməti Météo-France-ın məlumatına görə, aralarında Şaranta, Deux-Sèvres və Endr-et-Luarın da olduğu 12 vilayətdə dolu və güclü yağış yağacağı gözlənilir. Küləyin sürətinin saatda 100 kilometrə çatacağı bildirilir.
Hakimiyyət orqanları əhaliyə güclü hava şəraitinə qarşı maksimum ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, fırtına təhlükəsi ilə əlaqədar həmin vilayətlərdə yerli vaxtla saat 18:00-dan etibarən narıncı səviyyəli xəbərdarlıq qüvvəyə minəcək.
Fransanın cənubunda avqustun 24-də baş verən güclü fırtına nəticəsində 39 nəfər yaralanmışdı. Aude vilayətinin Pomas qəsəbəsində isə təxminən 300 evə ziyan dəymişdi.
Korsika adasında da ildırım vurması nəticəsində Ajaccio şəhəri yaxınlığında yanğın baş vermiş, təxminən 200 nəfər təxliyə edilmişdi.
Mənbə: Anadolu Ajansı
