Bugun.tv xəbər verir ki, Braziliyanın cənubunda 39 yaşlı qadın çimərlikdə ildırım vurması nəticəsində həyatını itirib. Hadisə zamanı çəkilən görüntülər sosial mediada və yerli informasiya resurslarında yayılıb.
Hadisə avqustun 28-də, axşam saatlarında Santa-Katarina ştatının Palosa şəhərində yerləşən Pinheyra çimərliyində baş verib. Görüntülərdə qadının başqa bir şəxslə birlikdə çimərlikdə getdiyi görünür. Bir müddət sonra qadın dayanır və təxminən beş saniyə keçdikdən sonra onu ildırım vurur. Qadın dərhal yerə yıxılır.
Hadisə zamanı onun yanında olan şəxs ilkin tibbi yardım göstərərək ürək-ağciyər reanimasiyasına başlayıb. Xilasedicilər təxminən 15 dəqiqə sonra hadisə yerinə çatıb. Qadının huşsuz olduğu və bədənində yanıqların meydana gəldiyi müəyyən edilib.
Xilasedicilər ürək ritmini bərpa etmək üçün avtomatik xarici defibrilyatordan istifadə ediblər. Daha sonra qadın təcili yardım şöbəsinə aparılıb, intubasiya edilərək xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, qadın ertəsi gün səhər vəfat edib.
Mütəxəssislər bildirirlər ki, şimşək və ildırım zamanı çimərlik kimi açıq ərazilər xüsusilə təhlükəlidir. Açıq sahədə olan insan ətrafdakı ən hündür obyektlərdən birinə çevrilə bilər. Su hövzələrinin yaxınlığı da təhlükəni artırır.
Mütəxəssislər göy gurultusu və ildırım müşahidə olunmağa başladıqda çimərliyi dərhal tərk etməyi, möhkəm qapalı binaya və ya qapalı avtomobilə sığınmağı tövsiyə edirlər.
Mənbə: Science Mail.ru
