Bugun.tv xəbər verir ki, TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydaların 1 sentyabr 2026-cı ildən qüvvəyə minməsi səhiyyə sahəsində mühüm dəyişiklik kimi qiymətləndirilir.
Bu barədə müsahibəsində məlumat verən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı (Rəhimova) hesab edir ki, islahat yalnız tibb işçilərinin gəlirlərinin artırılması kimi deyil, vətəndaşların keyfiyyətli, əlçatan və şəffaf tibbi xidmətlərə çıxışının genişləndirilməsi baxımından da dəyərləndirilməlidir.
“1 sentyabr 2026-cı il tarixindən TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydaların qüvvəyə minməsi səhiyyə sisteminin inkişafı baxımından mühüm institusional dəyişikliklərdən biridir. İslahatın 72 212 tibb işçisini əhatə etməsi və əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsaitin ayrılması tibb işçilərinin əməyinin sosial və iqtisadi baxımdan daha adekvat qiymətləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır. Yeni sistem çərçivəsində ayrı-ayrı kateqoriyalar üzrə əməkhaqqı artımının 135 faizə qədər yüksəlməsi isə islahatın miqyasını nümayiş etdirir. Əməkhaqqının artırılması tibb işçilərinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, səhiyyə sistemində peşəkarlığın, məsuliyyətin və xidmət keyfiyyətinin gücləndirilməsinə də stimul yarada bilər. Xüsusilə tibbi qərarların qəbulunda pasiyentin maraqlarının, klinik göstərişlərin və tibbi etikanın əsas meyar kimi qəbul edilməsi olduqca vacibdir. Yeni sistemin digər mühüm tərəfi tibbi xidmətlərin göstərilməsində şəffaflığın və hesabatlılığın artırılması perspektividir. Tibbi müayinələrin və müalicənin real klinik ehtiyac əsasında müəyyənləşdirilməsi, reseptlərin və diaqnostik prosedurların tibbi göstərişlərə uyğun təyin edilməsi pasiyent hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Səhiyyə sistemində hər hansı maraq toqquşmasının və qeyri-şəffaf münasibətlərin qarşısının alınması həm vətəndaşların etimadını artırar, həm də dövlətin səhiyyə siyasətinin effektivliyini gücləndirər. Müasir tibbi texnologiyaların tətbiqi də bu prosesin ayrılmaz hissəsidir. MRT, exokardioqrafiya, kolonoskopiya və digər müasir diaqnostik imkanların daha geniş və əlçatan şəkildə tətbiqi xəstəliklərin erkən aşkarlanmasına, düzgün diaqnozun qoyulmasına və müalicə prosesinin elmi-tibbi əsaslarla qurulmasına imkan verir. Diaqnoz qoyulmadan müalicənin başlanması və dərmanların təyin edilməsi tibbi yanaşmanın əsas prinsiplərinə uyğun olmamalıdır. Buna görə də diaqnostik imkanların genişləndirilməsi ilə yanaşı, onların vətəndaş üçün maliyyə baxımından əlçatan olması da mühüm məsələdir. Xüsusilə əlilliyi olan şəxslər, yaşlı insanlar, xroniki xəstəliklərlə yaşayan şəxslər və digər həssas sosial qruplar üçün tibbi xidmətlərin əlçatanlığı yalnız tibbi xidmətin mövcudluğu ilə məhdudlaşmır. Burada fiziki müyəssərlik, maliyyə əlçatanlığı, informasiya əlçatanlığı, keyfiyyətli diaqnostika və ayrı-seçkiliyin yolverilməzliyi kimi prinsiplər də nəzərə alınmalıdır. İnanıram ki, tibb işçilərinin əməkhaqlarının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və tibbi xidmətlərin göstərilməsində şəffaflığın gücləndirilməsi bir-birini tamamlayan istiqamətlər kimi həyata keçirildikdə, səhiyyə sistemində həm xidmət keyfiyyətinin, həm də vətəndaş məmnunluğunun yüksəlməsinə əhəmiyyətli töhfə verə bilər. Əsas məqsəd yalnız səhiyyə işçisinin əməkhaqqısını artırmaq deyil, bu artımın nəticədə vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətində, əlçatanlığında, təhlükəsizliyində və şəffaflığında real şəkildə hiss olunmasını təmin etməkdir. Bu baxımdan yeni əməkhaqqı sisteminin nəticələrinin mütəmadi monitorinqi, vətəndaş məmnunluğunun ölçülməsi və xüsusilə həssas qrupların tibbi xidmətlərə çıxış göstəricilərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı”- Məhluqə Qaramanlı (Rəhimova) “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri.
