Bugun.tv xəbər verir ki, Qəzza zolağında yeni tədris ilinə hazırlaşan yarım milyondan çox şagird ağır maddi və psixoloji şəraitlə üzləşib. 2023-cü ilin oktyabrından başlayan İsrailin hərbi əməliyyatları bölgənin təhsil sisteminə ciddi zərər vurub.
Qəzzədəki Təhsil Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində 20 mindən çox şagird və 532-dən çox müəllim həyatını itirib. Təhsil müəssisələrinin böyük hissəsi dağıdılıb və ya zədələnib. Bölgədəki 165-dən çox məktəb, universitet və digər təhsil müəssisəsinin tamamilə dağıldığı bildirilir.
Nazirliyin məlumatına əsasən, müharibədən əvvəl tədris ili təxminən 200 gün davam etdiyi halda, 2025–2026-cı tədris ilində bu müddət 60 günə qədər azalıb. Həftəlik dərs saatlarının sayı isə 30-dan 12-yə düşüb.
Yeni tədris ilinin sentyabrın 16-da müəllim və inzibati heyətin işə qayıtması ilə başlaması, şagirdlərin isə sentyabrın 19-da dərslərə qoşulması planlaşdırılır. Qəzzədə təxminən 700 tədris məntəqəsinin hazırlanması nəzərdə tutulur. Bunların arasında 25 müvəqqəti məktəb də olacaq.
Nazirliyin məlumatına görə, hazırda təxminən 541 min şagirdin təhsilini davam etdirməsi üçün imkan yaradılmağa çalışılır. Üz-üzə təhsilə çıxışı olmayan uşaqlar üçün məsafədən təhsil də təşkil ediləcək.
Müharibə nəticəsində məktəb binalarının təxminən 95 faizinin zərər gördüyü bildirilir. Yüz minlərlə şagird sırası, masa və digər tədris avadanlığı yararsız vəziyyətə düşüb. Dövlət məktəblərində istifadə üçün yararlı qalan sinif otaqlarının sayı isə əvvəlki göstəricinin yalnız təxminən beşdə biri qədərdir.
Hesabatda uşaqların və müəllimlərin psixoloji vəziyyətinə də diqqət çəkilib. Daimi hücumlar, itkilər, köçkünlük və təhlükəsizlik problemlərinin şagirdlərdə narahatlıq, diqqət dağınıqlığı və motivasiya itkisinə səbəb olduğu qeyd olunur.
BMT də Qəzzədə normal təhsilin ciddi şəkildə pozulduğunu bildirir. Təşkilatın məlumatına görə, məktəblərin bir hissəsi müvəqqəti sığınacaqlara çevrilib və bir çox uşaq təhsilini yalnız məsafədən davam etdirə bilir.\
Mənbə: Trt.haber
