Bugun.tv xəbər verir ki, Böyük Britaniyada hava hərəkətinin idarə olunması sistemində yaranan texniki problem ikinci gündə də aviasiya nəqliyyatında ciddi fasilələrə səbəb olub.
“The Guardian”ın məlumatına görə, iki gün ərzində ölkənin hava limanlarından 2 mindən çox uçuş ləğv edilib. Yüz minlərlə sərnişin gecikmələr və uçuş dəyişiklikləri ilə üzləşib.
Problemin əsas hava hərəkəti xidmətlərindən biri olan NATS-in sistemində yaranan texniki nasazlıqla bağlı olduğu bildirilir. NATS rəhbəri Martin Rolfe hadisənin kibertəhlükə ilə əlaqəli olmadığını açıqlayıb.
Böyük Britaniya hökuməti şirkətdən hadisə ilə bağlı geniş araşdırma aparmağı və nəticələri bir həftə ərzində təqdim etməyi tələb edib. Eyni zamanda bəzi aviaşirkətlər rəhbərliyin istefasını tələb edirlər.
Problemdən Londonun Hitrou və Qatvik hava limanları, həmçinin Mançester və digər iri hava limanları ciddi şəkildə təsirlənib. Təkcə Hitrou hava limanında çərşənbə səhəri yüzlərlə reysin ləğv edildiyi bildirilib.
Aviaşirkətlər uçuşların texniki olaraq bərpa edildiyini, lakin təyyarə və ekipajların yenidən yerləşdirilməsi səbəbindən gecikmələrin bir müddət davam edə biləcəyini açıqlayıblar.
Mənbə: The Guardian
