Bugun.tv xəbər verir ki, Suriyanın bir neçə şəhərində hökumətin yanacağın qiymətini artırmasından sonra etiraz aksiyaları başlayıb. Nümayişçilər yolları bağlayıb, bəzi ərazilərdə isə avtomobil təkərləri yandırılıb.
Al Jazeera-nın məlumatına görə, Suriya hökuməti bazar günü dizelin qiymətini 40 faizədək, benzinin qiymətini isə 28 faizədək artırıb. Rəsmilər qərarın müvəqqəti xarakter daşıdığını və qlobal bazarda yanacağın tədarük xərclərinin kəskin artması ilə əlaqədar qəbul edildiyini bildiriblər.
Qiymət artımının Baniyas neft emalı zavodunda aparılan təmir işləri ilə də əlaqəli olduğu açıqlanıb. Məlumata görə, təmir başa çatdıqdan sonra zavodun gündəlik emal gücünün 80 min bareldən 130 min barelə yüksəldilməsi planlaşdırılır.
Etirazların Həma, Xan Şeyxun və Maarat ən-Numan kimi şəhərlərdə keçirildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların küçələrə çıxdığı, yolların bağlandığı və təkərlərin yandırıldığı görünür. Bəzi əsas magistral yolların bir neçə saat bağlı qaldığı qeyd edilir.
Yanacaq qiymətlərinin artırılması Suriyanın onsuz da ağır olan iqtisadi vəziyyətində əlavə narazılıq yaradıb. Ölkənin daxili neft hasilatı tələbatı tam qarşılamağa kifayət etmir. Suriya Energetika naziri Məhəmməd əl-Bəşirin sözlərinə görə, ölkədə gündəlik təxminən 102 min barel neft hasil olunur, daxili tələbat isə 325 min barel civarındadır. Aradakı fərq idxal hesabına qarşılanır.
Hökumət qiymət artımının yanacaq təminatında fasilələrin qarşısını almaq məqsədi daşıdığını bildirir. Bununla belə, yeni tariflər əhali arasında narazılığın artmasına və ölkənin müxtəlif bölgələrində etirazların yayılmasına səbəb olub.
Mənbə: Aljazeera
