Bugun.tv xəbər verir ki, Fransada artan xərclər və enerji qiymətləri restoran sektoruna ciddi təsir göstərib. İlin əvvəlindən indiyədək ölkədə 4 900-dən çox restoran müəssisəsinin müflis olduğu bildirilir.
TRT Haber-in Le Monde qəzetinə istinadən yaydığı məlumata görə, Fransada həm məhsulların bahalaşması, həm də istehlakçıların alıcılıq qabiliyyətinin azalması restoran biznesində çətinlikləri artırıb.
Fransız şirkətləri üzrə məlumat toplayan Altares şirkətinin statistikasına əsasən, bu ilin əvvəlindən 4 900-dən çox restoran müflis olduğunu elan edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.
Yay aylarında ölkədə rekord temperaturun qeydə alınması da restoranların vəziyyətini yaxşılaşdırmayıb. Sektor nümayəndələri ərzaq və ət məhsullarının qiymətlərinin artması ilə yanaşı, enerji xərclərinin də yüksəldiyini bildiriblər.
Otelçilik Peşələri və Sektorları Birliyinin rəhbəri Thierry Marx bildirib ki, Fransada hər gün təxminən 25 restoran fəaliyyətini dayandırır. Onun sözlərinə görə, eyni vaxtda gündə orta hesabla 20 yeni müəssisə açılsa da, yeni restoranlar ənənəvi ev yeməkləri əvəzinə daha çox hazır yeməklər təqdim etməyə üstünlük verir.
Restoran sektoru üzrə məsləhət şirkəti Food Service Vision-un idarəedici ortağı Florence Berger isə son aylarda əvvəllər mövcud olan tarazlığın pozulduğunu və açılan restoranların bağlanan müəssisələri artıq kompensasiya edə bilmədiyini bildirib.
Mənbə: Trt.haber
