Bugun.tv xəbər verir ki, İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın ölkəyə qarşı zərbələri yenidən bərpa etməyə hazırlaşdığı barədə məlumat aldıqlarını açıqlayıb.
Al Jazeera-nın yazdığına görə, İran Silahlı Qüvvələrinə nəzarət edən Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bu barədə xəbərdarlığı bazar günü yayıb. Tehran bildirib ki, ABŞ tərəfindən yeni hücum həyata keçiriləcəyi halda buna cavab veriləcək.
İran tərəfi həmçinin Yaxın Şərqdəki ölkələrə xəbərdarlıq edib. Bildirilib ki, ABŞ-ın mümkün hücumlarını öz ərazilərindən və ya hərbi obyektlərindən dəstəkləyən dövlətlər İranın cavab tədbirlərinin hədəfinə çevrilə bilər.
ABŞ Prezidenti Donald Tramp isə Fox News-a açıqlamasında İranla bağlı qərar vermək mərhələsində olduğunu deyib. O, mümkün variantlar sırasında yeni hərbi əməliyyat, iqtisadi təzyiq və razılaşmanı göstərib. Tramp İran Prezidenti Məsud Pezeşkianla BMT Baş Assambleyası çərçivəsində görüşə də açıq olduğunu bildirib.
Bu arada İran xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka yola düşüb. Qətər isə tərəflər arasında danışıqların yenidən başlanması üçün vasitəçilik səylərini davam etdirir.
Mənbə: Aljazeera
