Bugun.tv xəbər verir ki, Türkiyənin Çorum vilayətində yerləşən qədim Hattuşa şəhərində təxminən 3 min 200 il əvvəl yazıldığı ehtimal edilən mixi yazılı gil lövhənin parçası aşkarlanıb.
Anadolu Agentliyinin məlumatına görə, Hattuşanın Böyükqala ərazisində aparılan qazıntılar zamanı tapılan fraqmentin Hitit hökmdarı III Hattuşili ilə Misir fironu II Ramzes arasında bağlanan Kadeş Sülh Müqaviləsinin Akkad dilindəki nüsxələrindən birinə aid olduğu elmi araşdırmalar nəticəsində müəyyən edilib.
Lövhənin yalnız bir tərəfi qorunub. Tədqiqatçılar tapıntını təxminən bir il ərzində araşdırdıqdan sonra onun müqaviləyə aid olduğunu müəyyənləşdiriblər.
Məlumata görə, fraqmentdə müqavilənin 12-20-ci maddələri ilə əlaqəli müddəaların bir hissəsi oxunur. Yazılarda bir ölkədən digərinə qaçaraq sığınan insanların vəziyyəti ilə bağlı qaydalar, həmçinin evlərin dağıdılmaması ilə bağlı ifadələr yer alır.
Kadeş Sülh Müqaviləsi XIII əsrdə Kadeş döyüşündən sonra Misir və Hititlər arasında münasibətlərin tənzimlənməsi məqsədilə bağlanıb. Müqavilə tarixdə məlum olan ən qədim yazılı sülh sazişlərindən biri hesab olunur.
Müqavilənin Misir versiyası məbədlərin divarlarına heroqliflərlə həkk edilib. Hititlərin paytaxtı Hattuşada isə onun Akkad dilində yazılmış gil lövhə nüsxələrinin fraqmentləri aşkarlanıb.
Yeni tapıntının mövcud parçaların tamamlanmasına və Kadeş Sülh Müqaviləsinin mətninin daha dolğun bərpasına kömək edəcəyi gözlənilir. Hattuşadakı arxeoloji qazıntılar davam edir.
Mənbə: AnadoluAgentliyi
