Bugun.tv xəbər verir ki, Tailandın paytaxtı Banqkokda yerləşən Siam Amazing Park güclü yağışlar və daşqın nəticəsində ciddi ziyan gördükdən sonra fəaliyyətini dayandırıb. “The Guardian” nəşrinin 14 oktyabr tarixli məlumatına görə, parkın ərazisinin böyük hissəsini su basıb, bir sıra attraksionların elektrik sistemləri və mühərrikləri sıradan çıxıb.

Attraksionlar su altında qalıb
1980-ci ildə açılan Siam Amazing Park Cənub-Şərqi Asiyanın uzun müddətdir fəaliyyət göstərən əyləncə parklarından biridir. Buraya hər il bir milyona yaxın ziyarətçi gəlirdi. Parkda sürətli rollerkoasterlər, su sürüşkənləri və böyük dalğalı hovuz fəaliyyət göstərirdi.
Sentyabrın sonlarında Banqkokda başlayan və günlərlə davam edən güclü yağışlar parkın drenaj sistemini sıradan çıxarıb. Bir neçə gün ərzində ərazinin böyük hissəsində suyun səviyyəsi dizədək yüksəlib. Nəticədə attraksionlara ciddi ziyan dəyib, bəzi sahələrə giriş mümkün olmayıb.

Parkın açılması aylarla çəkə bilər
Parkın rəhbərliyinin bildirdiyinə görə, obyektin yenidən fəaliyyətə başlaması üçün altı ay və ya daha çox vaxt tələb oluna bilər. Bəzi attraksionların təmiri üçün Avropa və Yaponiyadan xüsusi ehtiyat hissələrinin və mütəxəssislərin cəlb edilməsi lazımdır.

Daşqının yaratdığı zərərin və fəaliyyətin dayanması nəticəsində yaranan maliyyə itkilərinin milyonlarla dollar təşkil edəcəyi gözlənilir. Parkın sahibləri banklardan borc ödənişləri ilə bağlı möhlət istəyib, dövlət dəstəyinə ümid edir və mümkün satış təkliflərini də nəzərdən keçirirlər.
Bir vaxtlar minlərlə insanın üz tutduğu əyləncə məkanı hazırda səssiz və boş vəziyyətdədir.


Mənbə: The Guardian
