Bugun.tv xəbər verir ki, Hindistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Abhay Kumar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edib.
Hindistanın Bakıdakı səfirliyinin yaydığı məlumata görə, görüş zamanı səfir Abhay Kumar Hindistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə, xalqlarımız arasında uzunmüddətli dostluq və qarşılıqlı anlaşma əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verməyə hazır olduğunu vurğulayıb.


Tarixi və mədəni əlaqələr müzakirə olunub
Görüşdə Hindistan və Azərbaycan arasında minilliklərə söykənən tarixi və mədəni əlaqələrə diqqət yetirilib. Tərəflər bu əlaqələrin müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməl yaratdığını qeyd ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


İlham Əliyev və Narendra Modinin görüşü xatırlanıb
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Hindistanın Baş naziri Narendra Modinin 2026-cı ilin sentyabrında Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutan görüşünə də toxunulub.
Qeyd olunub ki, yüksək səviyyəli görüşlər qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və Hindistan-Azərbaycan tərəfdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşün sonunda tərəflər mövcud dostluq münasibətlərinin, tarixi əlaqələrin və qarşılıqlı xoş niyyətin imkanlarından istifadə etməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq olduqlarını bildiriblər.

