Bugun.tv xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton dini və mədəni fərqlər üzərindən yaranan qarşıdurmalara münasibət bildirib. O, insanların yalnız müsəlman olduqlarına görə alçaldılmasını tənqid edib və müxtəlif inanclara hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.
Ensonhaber nəşrinin Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, Klinton bu fikirləri ABŞ-ın Florida ştatında keçirilən dinlərarası tədbirdə səsləndirib.
Keçmiş prezident bildirib ki, hər bir dini qrupda pis niyyətli insanlar ola bilər və bu, yalnız müəyyən bir dinə xas xüsusiyyət deyil. Onun sözlərinə görə, insanların fərqli inanclara malik olması onları bir-birinə qarşı qoymaq üçün səbəbə çevrilməməlidir.
Qızının diqqətini çəkən Quran ayəsini xatırladıb
Klinton çıxışı zamanı 15 yaşında olarkən Qurani-Kərimi başdan sona oxuyan qızının ona tövsiyə etdiyi bir ayəni də yada salıb. O bildirib ki, qızı həmin ayəyə diqqət yetirməsini istəyib.
Keçmiş prezident ayənin əsas mesajını belə izah edib: Allah insanları bir-birlərini alçaltmaları üçün deyil, tanımaları və bir-birlərindən öyrənmələri üçün fərqli yaradıb.
Klintonun fikrincə, bu yanaşma fərqli dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini göstərir.
Mənbə: Ensonhaber
