Bugun.tv xəbər verir ki, Ucar rayonunda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında keçirilən festivalın əsas məqsədi bölgənin aqrar potensialını nümayiş etdirmək, yerli fermerləri dəstəkləmək, çəltikçilik ənənələrini qorumaq və inkişaf etdirmək, kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarını tanıtmaq olub.
Tədbir iştirakçıları — kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.


Aqrar sahənin inkişafı dövlət proqramında prioritet istiqamətlərdəndir
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin dayanıqlı inkişafı, istehsal potensialının gücləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması prioritet istiqamətlər kimi müəyyən edilib.
Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin inkişafı, taxılçılıqda məhsuldarlığın və istehsal həcminin artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal xərclərinin optimallaşdırılması və fermer gəlirlərinin yüksəldilməsi əsas hədəflər sırasındadır.

Nazir əlavə edib ki, çəltikçilikdə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəldilməsi, müasir becərmə texnologiyalarının tətbiqi, eləcə də məhsulun saxlanması və emalı infrastrukturunun inkişafı da əsas prioritetlərdəndir.
Məcnun Məmmədov qeyd edib ki, Ucarda keçirilən “Aqrar Biznes” və “I Çəltik” festivalı regionun aqrar potensialının nümayiş etdirilməsi, fermerlər, sahibkarlar və investorlar arasında əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformadır.
Festival çəltikçiliyin inkişafı, mövcud imkanların genişləndirilməsi və istehsalçılar arasında əməkdaşlığın artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. İstehsalçılarla emal müəssisələri, təchizatçılar və bazar iştirakçıları arasında əlaqələrin gücləndirilməsi məhsulun dəyər zənciri boyunca səmərəli hərəkətinə və fermerlərin gəlirlərinin artmasına əlavə imkanlar yarada bilər.


Ucarın aqrar potensialı nümayiş etdirilib
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun kənd təsərrüfatı potensialına, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub.
Rayonun aqrar ənənələrinin qorunmasının və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacibliyini vurğulayan Mənsur Məmmədov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Həmçinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov da Aqrar Biznes Festivalı ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və digər tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.
Festival çərçivəsində yerli düyü sortları və fermerlərin istehsal etdikləri məhsullar təqdim olunub, kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən sərgi və nümayişlər təşkil edilib.
İştirakçılar yerli istehsal nümunələri ilə tanış olmaq, bölgədə kənd təsərrüfatının inkişaf imkanlarını yaxından görmək və aqrar sahədə fəaliyyət göstərən istehsalçıların məhsullarını nəzərdən keçirmək imkanı əldə ediblər.

Fermerlər arasında əməkdaşlığın genişləndirilməsi hədəflənir
Ucar rayonunda keçirilən “Aqrar Biznes” və “I Çəltik” festivalı bölgənin kənd təsərrüfatı potensialının üzə çıxarılması, aqrar istehsalın təşviqi, fermerlərin fəaliyyətinə diqqətin artırılması, istehsalçılar arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Festival yerli məhsulların tanıdılmasına, kənd təsərrüfatında sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə və aqrar sektorun inkişaf perspektivlərinin nümayiş etdirilməsinə xidmət edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində aqroturizm potensialının artırılması, yerli fermerlərin dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif məhsul festivalları təşkil olunur.
Cari il ərzində “Ərik”, “Moruq”, “Aqroturizm”, “I İntensiv Meyvə Bağları” və “Çəltik” festivalları keçirilib.
İlin sonunadək isə Neftçala rayonunda “Balıq”, Biləsuvar rayonunda “Hind quşu” və Ağdaş rayonunda “Heyva” festivallarının keçirilməsi planlaşdırılır.


Xüsusi olaraq Bugun.tv üçün Səbinə Əliyeva.
