Bugun.Tv xəbər verir ki, Cəlilabad rayon sakinləri meşə ərazilərində kütləvi ağac kəsilməsi ilə bağlı redaksiyaya müraciət ediblər. Sakinlərin iddiasına görə, Cəlilabad və Göytəpə meşələrində, xüsusilə Buravar kəndi yaxınlığındakı ərazilərdə ağacların qanunsuz kəsilməsi halları baş verir.
Vətəndaşların redaksiyaya təqdim etdiyi müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqəti 11 saylı Regional Meşə İdarəsinin fəaliyyətinə yönəldilir. İddialarda idarənin direktoru Nəsimi Nəsibovun kadr dəyişiklikləri tənqid olunur.

Meşə gözətçisinin fəaliyyəti ilə bağlı iddia
Sakinlərin bildirdiyinə görə, Göytəpə meşəbəyliyinin 10a saylı dolayında meşə gözətçisi işlədiyi deyilən Mehdi İsayev Masallı rayonunun Əmirtürbə kəndində yaşayır. Müraciətdə onun iş yeri ilə yaşadığı ünvan arasında təxminən 100 kilometr məsafə olduğu qeyd edilir.
Vətəndaşlar iddia edirlər ki, Mehdi İsayev həmin əraziyə təyin olunduğu dörd ay ərzində iş yerində olmayıb və meşə dolayını lazımi səviyyədə tanımır. Onların sözlərinə görə, bu vəziyyət ərazidə ağacların kəsilməsinə qarşı nəzarətin zəifləməsinə səbəb olub.



Videogörüntülər araşdırılmalıdır
Redaksiyaya təqdim edilən videogörüntülərdə ərazidə ağac kəsilməsinin izlərinin göründüyü bildirilir. Bununla belə, görüntülərin çəkildiyi dəqiq yerin, ağacların hansı şəraitdə kəsildiyinin və hadisəyə görə məsul şəxslərin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumların araşdırma aparması vacibdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsi qanunsuz ağac kəsilməsi ilə bağlı məsuliyyəti nəzərdə tutur. Konkret hadisəyə hüquqi qiymət isə faktlar, ərazinin statusu və digər hallar araşdırıldıqdan sonra verilə bilər.


Aidiyyəti qurumlara müraciət
Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyini, eləcə də hüquq-mühafizə orqanlarını müraciətdə göstərilən iddiaları araşdırmağa, meşə ərazilərində nəzarətin vəziyyətini yoxlamağa və qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görməyə çağırıblar.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin və 11 saylı Regional Meşə İdarəsinin mövqeyi təqdim edilməyib. Qarşı tərəfin açıqlaması daxil olarsa, xəbərə əlavə edilə bilər.


Mənbə: faktum.az
