Tayvanda Yaponiyanın Panasonic şirkətinə məxsus müəssisədə baş verən partlayış və yanğın nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
Bugun.tv xəbər verir ki, hadisə noyabrın 4-də Tayvanın Hsinçu bölgəsində yerləşən Panasonic Industrial Devices Materials Taiwan şirkətinin zavodunda baş verib. Reuters agentliyinin məlumatına görə, yanğın zamanı itkin düşmüş hesab edilən iki əməkdaşın cəsədi noyabrın 5-də aparılan axtarışlardan sonra tapılıb.
Hadisə baş verən zaman beşmərtəbəli zavod binasında 20-dən çox işçinin olduğu bildirilir. Yaralanan beş nəfər xəstəxanaya çatdırılıb. Onların huşlarının aydın olduğu qeyd edilib.
Zavod elektronika sənayesi üçün materiallar istehsal edir
Müəssisə kompüterlər və süni intellekt serverləri də daxil olmaqla elektronika məhsullarında istifadə olunan çap dövrə lövhələrinin istehsalı üçün materiallar təchiz edir.
Panasonic şirkəti zavodda partlayış baş verdiyini təsdiqləyib və hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb. Yanğının müəssisəyə vurduğu ziyanın miqyası barədə isə hələlik ətraflı məlumat verilməyib.
Mənbə: Reuters
