Bugun.tv-yə daxil olan məlumata görə, Hindistanın Azərbaycandakı Səfirliyi noyabrın 7-də ilk dəfə olaraq səfirliyin ərazisində Divali – İşıqlar bayramını böyük təntənə ilə qeyd edib.
Hava şəraitinin buludlu olmasına baxmayaraq, tədbirdə çoxsaylı qonaqlar iştirak edərək Hindistanın qədim və zəngin mədəni ənənələrindən birini birlikdə qeyd ediblər.
Tədbirə Azərbaycanın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi, Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, biznes və turizm sektorunun təmsilçiləri, media nümayəndələri, sosial media fenomenləri, eləcə də Azərbaycanda yaşayan Hindistan diasporunun üzvləri qatılıblar.

Bayramın açılışında Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar qonaqlarla birlikdə ənənəvi çırağı yandırıb. Sülh, rifah və firavanlıq arzularını ifadə edən mərasim Mahalakşmi mantrasının müşayiəti ilə keçirilib.
Qonaqlara müraciət edən səfir tədbirə göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, Hindistanda bayramlar ənənəvi olaraq ailə üzvləri və dostlarla birlikdə qeyd olunur. Bu ənənəyə uyğun olaraq, səfirlik də Divali şənliyinin qapılarını hər kəsin üzünə açıb.
Divali – işığın qaranlıq üzərində qələbəsinin rəmzi
Səfir çıxışında Divali bayramının tarixi və mənəvi əhəmiyyətindən danışıb. O, 14 illik sürgündən sonra Tanrı Rama və ilahə Sitanın Ayodhyaya qayıdışını xatırladaraq, həmin gün insanların evlərini gil çıraqlarla işıqlandıraraq onları qarşıladıqlarını bildirib.
Abhay Kumar vurğulayıb ki, Divali qaranlıq üzərində işığın, cəhalət üzərində biliyin, şər üzərində xeyirin əbədi qələbəsini təcəssüm etdirir. Onun sözlərinə görə, bu bayram yalnız ənənəvi şənlik deyil, həm də ümid, harmoniya, yenilənmə və birlik kimi ümumbəşəri dəyərlərin ifadəsidir.
Səfir ən kiçik işığın belə ən dərin qaranlığı dağıtmağa qadir olduğunu qeyd edərək, bu cür mədəni tədbirlərin Hindistan və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Hindistan musiqisi, rəqsləri və milli mətbəxi böyük maraqla qarşılanıb
Bayram axşamı Hindistanın zəngin musiqi və rəqs sənətini nümayiş etdirən rəngarəng mədəni proqramla davam edib. Yerli sənətçilərin və Hindistan mədəniyyət icmasının üzvlərinin ifasında Bollivud musiqiləri, rəqs nömrələri və dini məzmunlu bhajanlar qonaqlara təqdim olunub.
İfaçılar gurultulu alqışlarla qarşılanıb. Bir sıra qonaqlar da rəqs və musiqi proqramına qoşularaq bayram sevincini bölüşüblər.
Tədbirdə Hindistanın müxtəlif bölgələrinə məxsus milli yeməklər və şirniyyatlar da təqdim edilib. Xüsusilə ənənəvi hind şirniyyatları və qəlyanaltılar qonaqların böyük marağına səbəb olub. Rəngarəng işıqlandırma və bayram dekorasiyaları səfirliyin ərazisində xüsusi Divali ab-havası yaradıb.


Qonaqlar bayram təəssüratlarını bölüşüblər
Tədbir iştirakçılarından Mehriban xanım Divali bayramında ilk dəfə iştirak etdiyini bildirib. O, müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanların bu bayramın sevincini birlikdə yaşamasına imkan yaratdığına görə səfirliyə təşəkkür edib. Qonaq xüsusilə işıqlandırma və dekorasiya tərtibatını yüksək qiymətləndirib.
Digər iştirakçı Fərman bəy isə Hindistan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığına görə səfirliyə minnətdarlığını ifadə edib. O, təqdim olunan hind yeməkləri və şirniyyatlarından xüsusi zövq aldığını bildirib, gələcəkdə Hindistana səfər edərək ölkənin zəngin mədəniyyətini və bayram ənənələrini yaxından tanımaq arzusunda olduğunu qeyd edib.
Beləliklə, ilk dəfə səfirliyin inzibati binasının ərazisində təşkil olunan Divali bayramı diplomatik ictimaiyyətin, azərbaycanlı dostların və Hindistan diasporunun nümayəndələrini bir araya gətirib. Tədbir mədəni mübadilə və xalqlar arasında dostluq münasibətlərinin inkişafı baxımından əlamətdar görüşə çevrilib.
Hindistan Səfirliyi bu cür təşəbbüslərlə iki ölkə arasında mədəni əlaqələrin inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək niyyətində olduğunu bildirib.








