DünyaMaraqlı faktlar

“Kirayə nəvə” xidməti yayılmağa başlayıb: yaşlılara yoldaşlıq etmək üçün pul ödəyirlər

Bugun.tv-nin “Al Jazeera” telekanalına istinadən məlumatına görə, Hindistanda yaşlı insanlara yoldaşlıq etmək, gündəlik işlərində kömək göstərmək və onların tənhalığını azaltmaq məqsədilə yeni xidmət sahəsi inkişaf edir. Bir sıra şirkətlər yaşlı insanlara yoldaşlıq edən şəxslərin xidmətini “kirayə nəvə” və ya “kirayə övlad” adı ilə təklif edir.

Bu xidmətlər çərçivəsində gənclər yaşlı insanları bazara, məbədə və xəstəxanaya müşayiət edir, onlarla söhbət edir, kart oyunları oynayır və birlikdə vaxt keçirirlər.

“Al Jazeera”nın yazdığına görə, belə xidmətlərdən istifadə edənlər arasında qızları ABŞ-da yaşayan, Hindistanın Quruqram şəhərində məskunlaşmış Budhiraca ailəsi də var. 80 yaşlarında olan ailə başçısına 26 yaşlı Roni Racu yoldaşlıq edir. Sosial iş üzrə magistr təhsili alan Racu bir neçə aydır ailəyə kömək göstərir. Hətta ailə başçısı əməliyyat olunduqda o, həkimlərin göstərişlərini və dərmanların qəbulunu da izləyib.

Yaşlı əhalinin sayı artdıqca yeni xidmətlər yaranır

Məqalədə BMT-nin Əhali Fondu və Beynəlxalq Əhali Elmləri İnstitutunun 2023-cü il hesabatına istinadən bildirilir ki, 2022-ci ildə Hindistan əhalisinin 10,5 faizini 60 yaşdan yuxarı insanlar təşkil edib. Bu göstəricinin 2050-ci ilədək 21 faizə çatacağı proqnozlaşdırılır. Həmin dövrdə xüsusi qayğıya ehtiyacı olan yaşlı hindistanlıların sayının 347 milyona çatacağı gözlənilir.

Hindistanda aparılan milli araşdırma da problemin miqyasını göstərir. 72 mindən çox insanın iştirak etdiyi tədqiqatda orta və ahıl yaşlı respondentlərin 20,5 faizi orta, 13,3 faizi isə ağır tənhalıq hiss etdiyini bildirib. Tək yaşayan 60 yaşdan yuxarı şəxslər arasında isə bu göstərici 37 faiz təşkil edib.

Hindistan hökuməti yaşlılara qayğı xidmətləri bazarının həcmini təxminən 7 milyard dollar qiymətləndirir. Bununla belə, hazırda ödənişli yoldaşlıq xidmətlərindən əsasən maddi imkanları yüksək olan şəhər ailələri yararlana bilir.

Şirkətlərdə çalışan şəxslər işə başlamazdan əvvəl polis yoxlamasından keçirilir, bir çoxu psixologiya, sosial iş və ya xidmət sahəsi üzrə təlim alır.

Mütəxəssislər hesab edirlər ki, yaşlılara qayğı yalnız tibbi və fiziki yardımla məhdudlaşmamalı, onların ünsiyyət və mənəvi dəstək ehtiyacları da nəzərə alınmalıdır.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

İsraildə yeni hökumətin qurulması üçün müxalifət liderinə 28 gün vaxt verildi

Aynur Camal

Bu gün Türkiyədə COP31 iqlim sammitiişə başlayır

Aynur Camal

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu