Rusiyalı alimlər bitkiləri xəstəliklərdən qorumaqla yanaşı, məhsuldarlığı da artıran təbii bakteriya ştammları müəyyən ediblər. Sahə sınaqları zamanı bu mikroorqanizmlərdən istifadə edilən sahələrdə kartof və buğdanın məhsuldarlığında nəzərəçarpacaq artım qeydə alınıb.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” portalı TASS-a və Rusiya Elmlər Akademiyasının D. Q. Knorre adına Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutuna istinadən məlumat yayıb.
Novosibirsk alimləri institutun mikroorqanizm kolleksiyasından bitkilərdə xəstəlik törədən göbələklərin inkişafını zəiflədən bakteriya ştammlarını seçiblər. Daha sonra bu ştammlar Sibir Federal Aqrobiotexnologiyalar Elmi Mərkəzinin mütəxəssisləri ilə birlikdə sahə şəraitində sınaqdan keçirilib. Təcrübə zamanı əkin materialları bakteriyalarla işlənib, bitkilərin və torpağın vəziyyəti müşahidə olunub.
Nəticədə buğdada kök çürüməsi, kartofda isə yumruları və zoğları zədələyən bəzi göbələk xəstəliklərinin yayılması azalıb. Eyni zamanda bitkilərin inkişaf göstəriciləri yaxşılaşıb. Alimlərin məlumatına görə, buğdanın məhsuldarlığı 30 faizdən çox, kartofun məhsuldarlığı isə 53–66 faiz artıb.
Tədqiqatçılar əldə olunan nəticələr əsasında kənd təsərrüfatında rahat istifadə edilə biləcək xüsusi bioloji preparat hazırlamağı planlaşdırırlar. Bu yanaşma bitkilərin xəstəliklərə qarşı qorunmasında təbii mikroorqanizmlərdən istifadənin imkanlarını genişləndirə bilər.
Mənbə: mail.ru
