Bugun.tv xəbər verir ki, Çin noyabrın əvvəlində Sakit okeanın qərbində və Tayvan ətrafında genişmiqyaslı, əvvəlcədən elan olunmamış hərbi təlimlər keçirib. Bu barədə “Reuters” agentliyi Tayvanın təhlükəsizlik qurumundakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təlimlərin bir mərhələsində bölgədə Çinə məxsus 100-dən çox hərbi gəmi və sahil mühafizə qüvvələrinin gəmisi cəmləşib. Təlimlər çərçivəsində digər ölkələrin hərbi qüvvələrinə və Tayvan da daxil olmaqla şəhərlərə qarşı şərti hücum ssenariləri məşq edilib.
Tayvan rəsmiləri bu addımları Pekinin bölgədə hərbi təzyiqi artırmaq cəhdi kimi qiymətləndirirlər. Məlumatda qeyd olunur ki, təlimlər Çin donanmasının müxtəlif əməliyyat komandanlıqlarının birgə fəaliyyətini də əhatə edib.
Çin Müdafiə Nazirliyi “Reuters”in sorğusuna cavab verməyib. Pekin isə təyyarədaşıyan gəminin bölgədəki fəaliyyətinin adi təlim xarakteri daşıdığını və hər hansı ölkəyə qarşı yönəlmədiyini bildirib.
Məlumatın əsas hissəsi Tayvan təhlükəsizlik rəsmisinin açıqlamasına əsaslanır.
Mənbə: İnvesting
