Bugun.tv xəbər verir ki, Sakit okeanın dərinliklərində alimlərin “Qəribəliklər meşəsi” adlandırdığı qeyri-adi sualtı ekosistem görüntülənib. Təxminən 2442 metr dərinlikdə yerləşən bu ərazidə ağaclar əvəzinə qəribə formalı şüşə süngərlərdən ibarət böyük koloniyalar mövcuddur.
“Discover Wildlife” nəşrinin noyabrın 13-də dərc etdiyi məlumata görə, bu qeyri-adi mənzərə ilk dəfə 2017-ci ildə Conston Atollu yaxınlığında aparılan elmi ekspedisiya zamanı qeydə alınıb. Tədqiqatçılar okeanın dibini araşdırmaq üçün “Deep Discoverer” adlı uzaqdan idarə olunan sualtı robotdan istifadə ediblər.
Müşahidələr zamanı dəniz dibində bir-birinə yaxın yerləşən, açıq rəngli və müxtəlif formalı şüşə süngərlər aşkar edilib. Onların ən diqqətçəkən xüsusiyyəti eyni istiqamətə, su axınının gəldiyi tərəfə doğru yönəlmələridir.
Alimlərin izahına görə, şüşə süngərlər sudakı bakteriyaları, planktonu və digər mikroskopik hissəcikləri süzərək qidalanırlar. Buna görə də su axınına doğru istiqamətlənmələri qida əldə etmələrini asanlaşdırır.
Koloniyadakı süngərlərdən bəzilərinin görünüşü hətta məşhur “E.T.” filmindəki yadplanetli obrazını xatırladır. Tədqiqatçılar bu mənzərənin başqa planetdə həyat kəşf etməyə bənzədiyini bildiriblər.
Mütəxəssislər belə kəşflərin okeanın dərinliklərində hələ də öyrənilməmiş canlı aləmin mövcudluğunu göstərdiyini vurğulayırlar.
Mənbə: discoverwildlife
