ABŞ, Rusiya və Çin liderlərinin qəbul etdiyi birgə bəyannamə beynəlxalq təhlükəsizlik baxımından konkret nəticələr vəd etmir. Sənəd daha çox ümumi prinsipləri əks etdirir və tərəflər onun icrası ilə bağlı məcburi öhdəliklər götürməyiblər.
Bugun.tv xəbər verir ki, bu fikirləri siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşdığı şərhdə bildirib.
Ekspertin fikrincə, nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə müharibəsi riskinin azaldılması, BMT-də islahatlar və enerji təhlükəsizliyi kimi məsələlər bəyannamədə ümumi ifadələrlə yer alıb. Lakin sənəddə qlobal siyasətə ciddi təsir göstərə biləcək konkret strateji razılaşmalar yoxdur.
Bəyanatla real addımlar arasında ziddiyyət
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurması bəyannamədə vurğulanan beynəlxalq təhlükəsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, üç ölkə nüvə silahlarının azaldılması, silahsızlanma və mövcud münaqişələrin həlli istiqamətində ciddi razılığa gəlməyib.
Ekspert liderlərin görüşü zamanı hərbi və texnoloji imkanların nümayiş etdirilməsini də diqqətə çatdırıb. O, Putinin tədbirə nüvə çamadanı ilə qatılmasını, ABŞ-ın qitələrarası ballistik raket sınağını və Çinin hərbi-texnoloji imkanlarını önə çəkməsini güc nümayişi kimi qiymətləndirib.
Əsədullazadənin qənaətinə görə, bu görüş və imzalanan bəyanat qlobal siyasətin gələcək istiqamətinə, eləcə də yeni beynəlxalq siyasi nizamın formalaşmasına ciddi və həlledici təsir göstərməyəcək.
