Hindistanın qədim mədəni ənənələrindən biri olan Chhath Puja bayramı Bakıda xüsusi tədbirlə qeyd olunub.
Mərasim iştirakçıları Hindistanın zəngin mədəni irsi, bayramın dini və mənəvi əhəmiyyəti, eləcə də əsrlərdən bəri qorunub saxlanılan ənənələri ilə tanış olublar.
Bugun.tv-yə daxil olan məlumata görə, Hindistanın Azərbaycandakı səfirliyi Chhath Puja bayramına həsr olunmuş interaktiv tədbir təşkil edib. Tədbirdə yerli Azərbaycan vətəndaşları, eləcə də ölkəmizdə yaşayan Hindistan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkəsini festivallar ölkəsi kimi xarakterizə edib. O bildirib ki, Hindistanda bayramlar yalnız şənlik və qeyd etmə mərasimləri deyil, həm də xalqın sivilizasiya irsini, mənəvi dəyərlərini və mədəni kimliyini əks etdirir.

Chhath Puja bayramının mənası və ənənələri
Səfirin sözlərinə görə, Chhath Puja Günəş Tanrısı Surya Devə və onun bacısı Çhathi Mayyaya həsr olunub. Bayram həyatın və yaşayışın mənbəyi olan təbiətə minnətdarlığı ifadə edir.
Dörd gün davam edən mərasimlərdə intizam, sədaqət və sadəlik əsas yer tutur. Xüsusilə ciddi oruc tutulması, batan və doğan Günəşə Arqya mərasimi ilə ehtiram göstərilməsi bayramın əsas ənənələri sırasındadır.
Abhay Kumar qeyd edib ki, Hindistan diasporunun dünyanın müxtəlif ölkələrində yaşaması sayəsində Chhath Puja coğrafi sərhədləri aşaraq daha geniş şəkildə qeyd olunur. Bayramın minnətdarlıq, ətraf mühitə həssas münasibət və təbiətlə harmoniya kimi dəyərləri ümumbəşəri məna daşıyır.
Musiqi və Hindistan mətbəxi tədbirə rəng qatıb
Proqram çərçivəsində Chhath Puja bayramına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə bayramın tarixi, əhəmiyyəti, mərasimləri və dünyanın müxtəlif ölkələrində qeyd olunma ənənələri əks etdirilib.
Daha sonra Hindistan diasporunun nümayəndələri ənənəvi nəğmələr və bhacanlar ifa ediblər. Hindistan mətbəxinin müxtəlif təamlarının təqdim olunduğu ziyafətlə başa çatan tədbir iştirakçılara bu ölkənin mədəniyyətini daha yaxından tanımaq imkanı yaradıb.


