Uşaq Teatr Festivalı, Bakı, uşaq teatrı, Azərbaycan İncəsənət Məktəbi, Azərbaycan Teatr Xadimləri İttifaqı, inklüziv teatr, uşaq yaradıcılığı, mədəniyyət tədbirləri
Mədəniyyət

Bakıda III Uşaq Teatr Festivalı keçiriləcək

2027-ci il martın 10-dan 17-dək Bakıda “3-cü Uşaq Teatr Festivalı” təşkil olunacaq. Festival uşaqların səhnə sənətinə marağının artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və gənc istedadların üzə çıxarılmasına xidmət edəcək.

Bugun.tv-yə daxil olan məlumata görə, festival Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Meta Experimental Theatre Performance Studiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək.

Layihə Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının məqsəd və prioritetləri çərçivəsində uşaqların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, mədəni irsin təbliği və incəsənətə marağının artırılması istiqamətinə uyğun olaraq həyata keçirilir.

Festivalda kimlər iştirak edə biləcək?

Festivalda 6–14 yaşlı uşaqlardan ibarət teatr kollektivləri iştirak edə bilərlər. İştirakçılar bədii, kukla və inklüziv tamaşalarla yanaşı, sərbəst mövzuda hazırladıqları səhnə əsərlərini də təqdim edə biləcəklər. Tamaşalar Azərbaycan və xarici müəlliflərin əsərləri, eləcə də kollektivlərin öz yaradıcılığı əsasında hazırlana bilər.

Təqdim olunan tamaşaların müddəti 30–40 dəqiqə olmalıdır. Kollektivlərin səhnə heyəti 4, 6, 8 və ya 10 nəfərdən təşkil edilməlidir. Çıxışlar canlı ifa əsasında təqdim olunmalı, tamaşanın bütövlükdə əvvəlcədən yazılmış fonoqram üzərində nümayişinə icazə verilməyəcək.

İnklüziv teatr nümunələrinə xüsusi diqqət ayrılacaq

Festivalın əsas istiqamətlərindən biri müxtəlif inkişaf xüsusiyyətlərinə və fərdi ehtiyaclara malik uşaqların səhnə fəaliyyətinə cəlb edilməsidir. Bu yolla onların yaradıcılıq potensialının üzə çıxarılması və bədii ifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Layihənin rəhbəri Dağlar Yusif, ideya müəllifi isə Tural Əliyevdir. Festivalın tərəfdaşları sırasında “Parfum Depo”, Bakı İllüziya Muzeyi, “La Coffee Ra”, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, Tələbə Təhsil Mərkəzi, “Gilas Ceramics”, “NexFrame Media” və “Party Dress For Kids” yer alır.

Təşkilatçıların məqsədi uşaqların səhnə mədəniyyətinin formalaşmasına, teatr kollektivləri arasında yaradıcı əməkdaşlığın genişlənməsinə və gələcək nəsil sənətsevərlərin yetişməsinə töhfə verməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Seymur Nəsirov Qahirədə beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib – gənc istedadların üzə çıxarılmasının əhəmiyyətindən danışıb

Aynur Camal

Van Qoqun rəsm əsəri hərracda 190,4 milyon dollara satılaraq rekord qırdı

Aynur Camal

Robert Pattinson Ceyms Bond rolunun yeni ifaçısı olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu