Avropa Kosmik Agentliyinin (ESA) “Euclid” kosmik teleskopu Kainatın yaranmasının ilk mərhələlərinə aid, indiyədək müəyyən edilmiş ən uzaq kvazarı aşkarlayıb.
Qeyd: “Kvazar — mərkəzində superkütləli qara dəlik yerləşən, son dərəcə parlaq kosmik obyektdir”.
Təxminən 13,1 milyard il əvvəlki vəziyyəti müşahidə edilən bu kosmik obyekt Böyük Partlayışdan cəmi 630 milyon il sonra mövcud olub.
Bugun.tv xəbər verir ki, “J1504+6252” adı verilən və “Dun Aonghasa” kimi də tanınan kvazar Kainatın hələ çox gənc olduğu dövrə aiddir. Kəşf “Euclid” teleskopunun təxminən 18 aylıq müşahidə məlumatlarının təhlili nəticəsində milyonlarla göy cismi arasından müəyyən edilib. Sonradan Yerdəki və kosmosdakı digər teleskopların müşahidələri ilə təsdiqlənib.
“James Webb” kosmik teleskopunun məlumatları kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə çox olduğunu göstərib.
Kəşf qara dəliklərin yaranması ilə bağlı suallar doğurub
Alimlər müəyyən ediblər ki, bu qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı oxşar qara dəliklərlə müqayisədə daha yavaş udur.
Bu qədər böyük qara dəliyin Kainatın yaranmasından cəmi 630 milyon il sonra necə formalaşdığı və qısa müddətdə hansı mexanizmlə böyüdüyü elm adamları üçün yeni suallar yaradıb. Kəşfin mövcud qara dəlik modellərinə yenidən baxılmasını tələb edə biləcəyi bildirilir.
2023-cü ildə kosmosa buraxılan “Euclid” teleskopu qaranlıq maddə və qaranlıq enerji də daxil olmaqla, Kainatın hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır.
Mənbə: TRT Haber
