Fransanın beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) kiberhücuma məruz qalıb. Təhlükəsizlik tədbiri olaraq agentliyin müştərilərinin foto, video və digər materiallara baxıb yüklədiyi AFP Forum platforması müvəqqəti olaraq bağlanıb.
Bugun.tv xəbər verir ki, AFP rəhbərliyinin bildirdiyinə görə, hücum noyabrın 26-na keçən gecə, Paris vaxtı ilə saat 01:30-da başlayıb. İcazəsiz müdaxilə aşkar edilən kimi agentliyin mütəxəssisləri sistemə müdaxiləni məhdudlaşdırmaq üçün tədbirlər görüb və ehtiyat məqsədilə AFP Forum platformasını internetdən ayırıblar.
Agentliyin açıqlamasında platformanın növbəti bildirişədək əlçatmaz qalacağı qeyd olunub. Bu müddətdə abunəçilərin materiallara çıxışını təmin etmək üçün alternativ həllər təklif edilir.
Hadisə ilə bağlı araşdırmaya kənar mütəxəssislər də cəlb olunub. AFP rəhbərliyi hazırda hücumun arxasında hansı şəxslərin və ya qrupların dayandığı barədə məlumatın olmadığını bildirib.
Qeyd edək ki, kiberhücum AFP-nin bütün xəbər fəaliyyətinin dayandırılması demək deyil. Hadisə konkret olaraq agentliyin müştərilər üçün nəzərdə tutulmuş AFP Forum platformasına təsir edib.
Mənbə: Anadolu Agentliyi
