“Hazırda İran-Amerika münasibətləri öz tarixində ən sürətli gərginləşmə dövrlərindən birini yaşayır. Ümumiyyətlə, son 30-40 il ərzində bu iki ölkənin münasibətləri çox gərgin olub. Son gərginlik də İranın nüvə sahəsində təqdiqatları şübhəli şəkildə davam etdirməsi və eləcə də Suriyada Amerikaya aid olan hərbi bazaların ətrafında baş verən raket partlayışları ilə əlaqədardır. Amerika ciddi şəkildə şübhələnir ki, Suriyada onun Deyr əz-Zor neft-qaz yataqları yaxınlığındakı hərbi bazasına endirilən raket zərbələrinin arxasında İran dayanır. Və buna görə də artıq Amerikanın Müdafiə Nazirliyi Suriyada İranın SEPAH qüvvələrinə aid hərbi birləşmələrin və onlara məxsus infrastrukturların havadan zərbələr endirilməsi ilə bağlı tapşırıq verib”.
Bu sözləri politoloq Aydın Quliyev Bugun.tv-yə özəl müsahibəsində qeyd edib.
“Hələlik bu əməliyyatlar İranın ərazisində yox, İrana aid hərbi birləşmələrin mövcud olduğu Suriyanın ərazisində baş verir. Buna görə də indi İran-Amerika müharibəsindən danışmaq tezdir. Çünki biz daha əvvəl də belə gərginliklərin şahidi olmuşuq. Xüsusilə də, 5-6 il əvvəl İraqda Bağdad aeroportunda ABŞ-a aid olan hərbi infrastrukturlara İranın endirdiyi zərbələrə Amerika çox sərt reaksiya verdi. Bu da İranın SEPAH qüvvələrinin baş komandanı Qasım Süleymaninin öldürülməsi ilə nəticələndi. Bundan sonra da İran-Amerika münasibətlərində sürətli bir gərginlik yaşandı. Amma hərbi əməliyyatlar formasında qarşıdurmaya gətirib çıxartmadı. Düşünürəm ki, elə Ameika da, İran da hələlik açıq müharibə elan etməkdə maraqlı deyillər. Hər iki ölkə buna son dərəcə riskli baxır. Ona görə də bu gün Suriyada Deyr əz-Zor vilayətindəki neft-qaz yataqlarına yaxın Amerika hərbi bazaları üzərində İranın hücumlarının hansı nəticələrə gətirib çıxarmağından asılı olmayaraq, birbaşa müharibənin başlayacağı barədə nəticə çıxartmaq tezdir”, – A.Quliyev bildirib.
“Sirr deyil ki, İran da Deyr əz-Zora strateji bir bölgə kimi baxır. Çünki bura İranın Livandakı Hizbullah birləşmələri ilə əlaqəsini yarada bilən əhəmiyyətli bölgələrdən biridir. Ona görə də Deyr əz-Zorda İranla Amerikanın maraqları kəskin şəkildə toqquşur. Ancaq hərbi əməliyyatların yaxınlarda başlayacağı barədə konkret fikir söyləmək hələlik çətindir. Amma iki ölkənin hərbi müstəvidə münasibətləri o qədər gərgindir ki, müharibənin hər an başlaya biləcəyini istisna etmək olmaz. Bunu da bilmək lazımdır ki, Amerika müxtəlif ölkələrdəki hərbi əməliyyatlardan sonra birbaşa İranla müharibəyə riskli yanaşır. Buna görə də bu prosseslərin axarını gözləmək daha məsləhətlidir”,- politoloq vurğulayıb.