Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri iranlı həmkarları Abbas İrakçi ilə Cenevrədə nüvə proqramı ilə bağlı kritik görüş keçirəcəklər.
Almaniyanın Reuters xəbər agentliyinə danışan diplomatik mənbə Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin cümə günü Cenevrədə İranın xarici işlər naziri Abbas İrakçi ilə görüşəcəyini bildirib.
Görüşün İsrailin İrana genişmiqyaslı hücumları və Tehranın raket cavabından sonra regionda gərginliyin pik həddə çatdığı bir vaxtda baş tutması diqqət çəkir.
Bildirilib ki, üç Avropa xarici işlər naziri Almaniyanın Cenevrədəki konsulluğunda əvvəlcə Avropa İttifaqının Xarici Siyasət rəhbəri Kaja Kallas ilə görüşəcək, daha sonra İrakçi ilə birgə görüş keçirəcək.
Diplomatik mənbə bildirib ki, görüş ABŞ-la koordinasiya əsasında keçirilir və Avropanın məqsədi İranın nüvə proqramının yalnız dinc və mülki məqsədlərlə məhdudlaşacağına dair aydın təminat əldə etməkdir.
Görüşlərdən sonra texniki ekspertlər səviyyəsində dialoq prosesinin başlanması gözlənilir.
Almaniyanın ziddiyyətli mövqeyi
Almaniya kansleri Fridrix Merz bu həftə sionist rejimin İrana hücumlarını dəstəklədiyini bildirməklə Tehranı qəzəbləndirmişdi. Merz, “İran gərginliyi azaltmasa, daha böyük dağıntılarla üzləşə bilər” demişdi.
Buna cavab olaraq Almaniyanın xarici işlər naziri Yohan Vadevol çərşənbə günü İranı nüvə proqramı ilə bağlı beynəlxalq təminat verməyə dəvət edərək, onu dialoqa çağırıb. Vadevol deyib: “Danışıqlar masasına oturmaq hələ də gec deyil”.
Mənbə: İlkha