14 C
Baku
23 Noyabr 2024, 15:27
Baş xəbərMədəniyyət

Abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub 

Mədəniyyət Nazirliyinin Bugun.tv-yə verdiyi məlumata görə, “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda görüş keçirilib.

Bildirilib ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Daşınmaz tarix-mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə keçirilən görüşdə hər iki qurumun əməkdaşları, bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayon ərazisində yerləşən abidələrin mühafizəsi, bərpa və konservasiyası istiqamətində görülən işlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, son illər bu sahədə həyata keçirilən tədbirlər rayonun tarixi simasının qorunmasına xidmət edir.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva zəngin tarixi irsi olan Şamaxı rayonda yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti bütün dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulacağını diqqətə çatdırıb.

Həmçinin görüşdə mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.

Tədbirdə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və Şamaxı rayonunda yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Toplantıdan sonra Şamaxı rayonunda yerləşən “Pir Ömər Avaxıl” ziyarətgahı, Şahxəndan türbəsi, “Yeddi günbəz” və “Kələxana” türbələr komplekslərinə baxış keçirilib. Rayon ərazisində yerləşən abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədləri ilə istifadəsi istiqamətində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib

Aynur Camal

Qvatemalada güclü yağışlar nəticəsində 6 nəfər ölüb

Teymur Əziz

Nigeriyada universitetə ​​hücumda qaçırılan daha 7 tələbə xilas edilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu