“Biz 5-12 mart tarixində olan buraxılış imtahanımızla ilə bağlı DİM-in qarşısında aksiya keçirdik. Bizi qəbul etdilər. Hər şeyi əsaslı formada sübutu ilə göstərdik, ancaq şikayətimiz nəticəsiz qaldı”.
Bugun.tv xəbər verir ki, günorta saatlarında bir qrup tələbə və valideynlər imtahan suallarının çətinliyinə etiraz əlaməti olaraq, Dövlət İmtahan Mərkəzinin qarşısına toplaşıblar. Abituriyentlər öz narazılıqlarını belə ifadə ediblər: “Mən şəxsən dedim ki, suallar model tipli tapşırıqlara uyğun deyildi. Yenə də mərkəzin əməkdaşı bizi haqsız çıxartdı. Dedi ki, “xeyr, model tipli idi”. Biz yenə də haqqımızı tələb edirdik. Çünki haqlı olduğumuza əminik”, “Deyirlər ki, oxumayanlar üçün çətin idi”. “Oxumayan bir olar, iki olar, amma bütün abituriyentlər narazılıq edir. Əminəm ki, bu imtahanda heç kəs 300 bal belə toplamayacaq. Əsasən də, buraxılış imtahanında olan mətnlərdən az bal yığılacaq”, – əlavə ediblər.
Abituriyentlərlə görüşən DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, 2019-cu ildən bu model tətbiq olunur.
“Abituriyentlərin bilik səviyyəsini, oxuyub anlama qabiliyyətini yoxlamaq üçün artıq 4 ildir ki, imtahan sualları bu qaydada tətbiq olunur. Hamı bir qaydada imtahan verir. Kim yaxşı bilirsə, o da yaxşı bal toplayır. Narahatlığa əsas yoxdur”,- mərkəzin sözçüsü qeyd edib .
Açıqalama verən DİM rəsmisi abituriyentlərdən nəticələri gözləmələrini istəyib.
Müxbir: Qaytən Qasımzadə