19 C
Baku
8 Sentyabr 2024, 3:23
Baş xəbər

Abituriyentlər ixtisas seçimi edərkən nələrə diqqət etməlidirlər? – EKSPERT MƏSLƏHƏTİ

Artıq qəbul imtahanları başa çatıb, abituriyentlər yığdıqları ballar haqqında  məlumatlıdırlar. Daha ciddi bir mərhələ  isə  bundan sonra başlayır. Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin ixtisas seçimi…

Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov Bugun.tv-yə özəl olaraq fikrini bildirərkən bunları qeyd edib:

“Abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir”.

Ekspert bildirib ki, keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur.

“Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.

Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir”,- K.Əsədov vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kahramanmaraşda yenidən ardıcıl zəlzələlər baş verdi

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Teymur Əziz

Zəlzələdə ölənlərin sayı 200-ü ötdü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu