ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxslər bazar dəyəri 40 min dollar olan toyuq yumurtalarını oğurlayıblar.
CNN-bildirir ki, Pensilvaniya ştatında quş qripi səbəbiylə yumurta qıtlığı və qiymət artımı dövründə naməlum şəxslər 100 min toyuq yumurtası oğurlayıblar.
Hadisə şənbə günü Qrinkasl şəhərində baş verib. Oğurlanan yumurtaların dəyərinin təxminən 40 min dollar olduğu bildirilir. Yumurtalar istehsal edən “Pete & Gerry’s Organics” şirkətinə məxsus fabrikin yanında dayanmış pikapdan oğurlanıb. Şirkət rəsmiləri hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini bildiriblər.
“Biz bu hadisəyə çox ciddi yanaşırıq və mümkün qədər tez həll etmək əzmindəyik. İstintaq davam etdiyi üçün təfərrüatları şərh edə bilmərik”, – rəsmilər bildirib.
Son aylarda ABŞ-da toyuq yumurtası qıtlığı yaranıb və qiymətlər yüksək səviyyədə qalır. Bu vəziyyətin yaranmasına səbəb 2024-cü ilin noyabr-dekabr aylarında 17,2 milyon yumurta verən toyuğun tələf olması olub. Toyuq populyasiyasının əvvəlki səviyyəsinə qayıtması aylar çəkə bilər.
Yanvarda 10 yumurtanın qiyməti 5,29 dollara çatmışdısa, bir il əvvəl bu qiymət təxminən 3,50 dollar idi. Bu o deməkdir ki, qiymətlər 50 faiz artıb. Bəzi ştatlarda ərzaq mağazaları hər müştəriyə yalnız bir paket yumurta satmaq kimi məhdudiyyətlər qoyub.
Mənbə: İlkha