2026-cı il FIFA Dünya Kubokunun final mərhələsində oyun idarə edəcək ilk somalili hakim olmağa hazırlaşan Omar Abdulkadir Artan ABŞ-a girişinə icazə verilmədiyi üçün turnirin hakimlər siyahısından çıxarılıb.
2025-ci ildə Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən ilin ən yaxşı kişi hakimi seçilən Artan Mayami Beynəlxalq Hava Limanında ABŞ ərazisinə buraxılmayıb.
ABŞ immiqrasiya orqanları qərarın səbəbi ilə bağlı rəsmi açıqlama verməyib. Lakin Somali Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi səyahət məhdudiyyətləri siyahısında yer alan ölkələrdən biridir.
FIFA: Artan Dünya Kubokunda iştirak edə bilməyəcək
Məsələ ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar aparan FIFA Omar Artanın Dünya Kubokunu buraxacağını təsdiqləyib.
Qurumun açıqlamasında bildirilib ki, ABŞ-a girişinin rədd edilməsindən sonra Artan 2026-cı il Dünya Kubokunda hazırlıq prosesində iştirak edə və oyunlarda hakimlik edə bilməyəcək.
FIFA həmçinin vurğulayıb ki, vizaların verilməsi və miqrasiya prosedurları ev sahibi ölkənin səlahiyyətinə daxildir və təşkilat bu proseslərə müdaxilə etmir. Qurumun məlumatına görə, ABŞ hakimiyyət orqanları Artanın vəziyyətinin yaxın zamanda dəyişməyəcəyini bildirib.
Diplomatik pasaport da problemi həll etmədi
Somalinin Gənclər və İdman Nazirliyinin yüksək vəzifəli müşaviri BBC-yə açıqlamasında ölkəyə giriş qadağasını təsdiqləyərək, Artanın bütün sənədlərinin qüvvədə olduğunu qeyd edib.
Somalinin Nayrobidəki səfirliyinin nümayəndəsi isə bildirib ki, hakimə əvvəllər yaşanan viza problemlərini aradan qaldırmaq məqsədilə xüsusi olaraq diplomatik pasaport təqdim edilmişdi.
Somali Futbol Federasiyası (SFF) məsələ ilə bağlı FIFA-dan təcili izahat tələb edib.
ABŞ qərarı müdafiə edir
Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun rəhbəri Endryu Culiyani BBC World Service-ə açıqlamasında qərarı dəstəklədiyini bildirib.
O, təhlükəsizlik və kəşfiyyat məlumatlarının təfərrüatlarını açıqlaya bilməyəcəyini qeyd etsə də, gömrük və sərhəd mühafizə xidmətinin düzgün qərar verdiyini vurğulayıb.
Qeyd edək ki, Omar Abdulkadir Artan 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunun final mərhələsində çalışacaq 52 hakimdən biri kimi elan edilmişdi. Somali milli çempionatında hakimlik edən Artan 2018-ci ildən FIFA referisi statusuna malikdir və Afrika Millətlər Kuboku (AFCON) oyunlarında da iştirak edib.
Mənbə: Trthaber
