İran dövlət televiziyası ölkənin qərbində yerləşən İlam əyalətindəki içməli su istehsalı obyektinin raket hücumuna məruz qaldığını bildirib.
Bugun.tv xəbər verir ki, hadisənin Musian rayonuna bağlı kəndlərdən birinin yaxınlığında baş verdiyi qeyd olunub.
Məlumata görə, obyektə üç raket zərbəsi endirilib. Hücum nəticəsində ölən və ya yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. İran tərəfi hadisəyə görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib.
Hadisə mülki infrastrukturun hədəfə alınması ilə bağlı beynəlxalq humanitar hüquq normaları ətrafında müzakirələri yenidən gündəmə gətirib. Beynəlxalq hüquqa əsasən, hərbi məqsəd daşımayan su təchizatı sistemləri, xəstəxanalar, elektrik stansiyaları və digər mülki obyektlər xüsusi mühafizə altındadır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın enerji infrastrukturu və körpülərinin hədəfə alına biləcəyi ilə bağlı bəyanatlar vermişdi. Ekspertlər isə su və enerji obyektlərinə mümkün hücumların milyonlarla mülki şəxsin həyatına təsir göstərə biləcəyi və genişmiqyaslı humanitar böhran riski yaradacağı barədə xəbərdarlıq edirlər.
Mənbə: İLKHA

