Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ-İran münasibətlərinə dair diqqətçəkən fikirlər səsləndirib.
Ekspert bildirib ki, ABŞ İranla danışıqlarda məhz ölkənin ali dini rəhbəri Əli Xamenei sonrası mərhələni nəzərə alaraq maraq göstərir.
Onun sözlərinə görə, öz şəxsi təhlükəsizliyini təmin edə bilməyən qüvvələrin dövlətin və xalqın təhlükəsizliyini qoruması ciddi suallar doğurur. Ali dini rəhbərin və yüksək rütbəli komandanların bir hücumla aradan götürülməsi İranın təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu göstərir.
M. Əsədullazadə qeyd edib ki, yeni liderin seçilməsi və komandan heyətinin yenilənməsi belə, onların gələcəkdə yenidən hədəf olmayacağına təminat vermir. Bu qədər zəif təhlükəsizlik şəraitində İsrail və ABŞ bazalarına raket zərbələri endirməklə uzunmüddətli hərbi davamlılıq təmin etmək mümkün deyil.
Ekspert vurğulayıb ki, əgər İran hakimiyyəti ABŞ-la danışıqlardan imtina edərsə, bu, ölkənin daha dərin siyasi və iqtisadi böhranına səbəb ola bilər. ABŞ prezidenti Donald Trump isə Əli Xameneidən sonrakı mərhələdə Tehranla danışıqlara və mümkün razılaşmalara hazır olduğunu bəyan edir.
Politoloqun fikrincə, İranda mühafizəkar dairələrin prezident Məsud Pezeşkian üzərində qərarvermə səlahiyyətlərini genişləndirməsi ölkənin böhrandan çıxması üçün siyasi imkan yarada bilər. O əlavə edib ki, İranın körfəz regionundakı ABŞ bazalarına raket zərbələri endirməsi müharibənin strateji balansını Tehranın xeyrinə dəyişmək üçün kifayət etmir.
Məhəmməd Əsədullazadə hesab edir ki, münaqişə uzanacağı təqdirdə, Türkiyə vasitəçi rolunda çıxış edərək Məsud Pezeşkianla Vaşinqton arasında dialoqun bərpasına çalışa bilər.
Ekspert sonda bildirib ki, hazırda İslam İnqilabı Keşikçiləri Korpusu mövqelərindən geri çəkilmədiyini nümayiş etdirir. Lakin proseslərin ümumi gedişatı göstərir ki, ABŞ İranda mövcud dövlət sistemini tam dağıtmaqdan daha çox, onu müəyyən dərəcədə qoruyaraq nəzarət olunan razılaşmaya nail olmaqda maraqlıdır.
Vaşinqton üçün Pəhləvi sülaləsi tipli hakimiyyət dəyişikliyi və ya ölkədə genişmiqyaslı separatizmin alovlanması arzuolunan ssenari hesab edilmir.
