Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Cenevrədə keçiriləcək ABŞ–İran danışıqları ilə bağlı sosial media hesabında paylaşım edib.
Ekspert bildirib ki, bu görüşlərin müsbət nəticə verməsi real görünmür.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran prezidenti danışıqlarda maraqlı olsa da, Ali dini rəhbər və SEPAH öz mövqeyindən geri çəkilmir. Ekspert vurğulayıb ki, həm ABŞ, həm də İran danışıqların nəticə verməyəcəyini əvvəlcədən anlayır.
Siyasi ekspert qeyd edib ki, məhz bu səbəbdən ABŞ İran ətrafına uzunmüddətli hərbi əməliyyatlara hazırlıq məqsədilə qoşun toplamağa başlayıb. İran isə vaxt qazanaraq Çindən havadan müdafiə sistemləri və müasir qırıcılar əldə etməyə çalışır. Əsədullazadə bildirib ki, tərəflər danışıqlar aparsa da, paralel şəkildə müharibəyə hazırlaşırlar.
Ekspert əlavə edib ki, İranda siyasi sistemin dəyişməsi ehtimalı gündəmdə olsa da, İran şahının oğlunun hakimiyyətə gəlməsi real deyil. Onun fikrincə, ABŞ və İsrail Rza Pəhləvidən İran rejiminə qarşı siyasi və psixoloji təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda İran hakimiyyəti də yaxşı bilir ki, İran xalqı Pəhləvini qəbul etməyəcək.
Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ İranla müəyyən şərtlərlə razılığa gələ bilər, lakin İsrail faktoru Donald Trampı çətin vəziyyətdə qoyur və bu amil prosesə ciddi təsir göstərir.
