ABŞ–İsrail–İran qarşıdurmasında hazırkı mərhələdə hər hansı tərəfin açıq üstünlüyündən danışmaq mümkün deyil.
Bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, həm İsrail Tehrana, həm də İran Təl-Əvivə ağır raket zərbələri endirir. İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarını hədəfə alması isə körfəz ərəb ölkələrinin təhlükəsizliyinin ABŞ tərəfindən tam təmin olunmadığını göstərir.
Ekspert qeyd edib ki, ABŞ Dövlət katibi İranın ali dini rəhbəri Əli Xameneinin onların tərəfindən öldürülmədiyini bəyan edib və Vaşinqtonun İranda rejim dəyişikliyi istəmədiyini vurğulayıb. Bu isə ABŞ-ın danışıqlara açıq olduğunu göstərən siqnal kimi qiymətləndirilir.
Əsədullazadənin fikrincə, İran yaxın 20 gün ərzində raket arsenalından geniş istifadə imkanına malikdir. Həm İsrail–ABŞ tandemində, həm də İranda müəyyən danışıqlara meyillilik müşahidə olunsa da, Vaşinqtonun birbaşa danışıqlara başlamazdan əvvəl Tehrana daha sərt hərbi zərbələr endirməsi ehtimalı yüksəkdir.
Ekspert hesab edir ki, müharibə ABŞ prezidenti Donald Trumpın siyasi imicinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, İran iqtisadi böhran və daxili etirazlar fonunda Vaşinqtonla razılaşmaya daha açıq mövqedə idi. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri ilə hərbi eskalasiyanın sürətlənməsi əlavə risklər yaradıb.
Məhəmməd Əsədullazadə bildirib ki, İranın əsas güc strukturu olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı zərbələr Tehranın daxili güc balansına təsir edib. Bununla belə, İranın zəifləmiş, lakin tam sabitləşdirilməmiş vəziyyətdə qalması regionda uzunmüddətli qeyri-sabitlik və radikallaşma riskini artırır.
Ekspert əlavə edib ki, ABŞ-ın İranın islahatçı qanadı ilə müzakirələrə açıq olduğu müşahidə edilir və hazırkı mərhələdə əsas hədəf məhz SEPAH-ın hərbi infrastrukturu ola bilər.
Onun fikrincə, bu müharibə Yaxın Şərqdə və ümumilikdə beynəlxalq siyasi nizamda ciddi dəyişikliklərə səbəb olacaq, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə ABŞ-ın ikinci böyük hərbi cəbhəyə daxil olması Vaşinqton üçün taktiki risklər yaradır.
